Həbsdə olan jurnalist Nurlan Librenin saxlandığı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə məlumat mayın 12-də jurnalistin sosial media hesabında yayılıb. İddiaya görə, mayın 2-də təcridxananın bir əməkdaşı onu provokasiyaya çəkib və aralarında mübahisə yaranıb: "Məni döydü, qollarımı barmaqlıqların arasından sıxdı, daha sonra arxadan qandallayıb yuxarı doğru burdu. Qollarımda qandalın izləri qalır".
İddiaya təcridxananın həmin əməkdaşı və rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Rəsmilər isə təcridxana və cəzaçəkmə müəssisələri ilə bağlı oxşar şikayətləri təsdiq etmirlər.
Bu yaxınlarda həbsdə olan digər jurnalistlər də fiziki müdaxiləyə məruz qaldıqları ilə bağlı açıqlamalar yayıblar. O zaman da cavabdeh qurumlar belə şikayətləri təsdiqləməyiblər.
"MeydanTV işi"
N.Libre "MeydanTV işi" üzrə həbs edilib. Bu iş üzrə hazırda ümumilikdə 10-dan çox jurnalist həbsdədir. Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və digər maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Bu maddələr üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir. Onlar bildirirlər ki, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırılırlar.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs edilmir. Onların sözlərinə görə, jurnalistlər törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar.