2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz artaraq 12 min 574 milyon manat və ya hər nəfərə ayda orta hesabla 612.5 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
2026-cı ilin yanvarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 3.8 faiz artaraq 1104 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4065 manat, qeyri neft-qaz sektorunda 1050 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 1073 manata, özəl müəssisələrdə 1133 manata bərabər olub.
Nominal gəlir müəyyən dövrdə insanların, müəssisələrin və ya bütövlükdə ölkənin əldə etdiyi gəlirin cari qiymətlərlə ifadə olunan məbləğidir. Başqa sözlə, bu göstərici insanların real alıcılıq qabiliyyətini deyil, kağız üzərində görünən gəlir məbləğini əks etdirir.
2026-cı ilin fevralında ölkədə inflyasiya 2025-ci ilin fevralına nisbətən 5.7 faiz təşkil edib.
Bu il martın 19-da isə ölkə başçısı ayrıca bəzi dövlət qurumlarının rəhbər işçilərinin maaşlarını artırıb. Baş nazirin maaşı 17 min 160 manat, nazirlərinki isə 13 min 750 manat müəyyən edilib. Fərman yanvarın 1-dən qüvvəyə minmiş sayılır.
Dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170, yardımçı vəzifələrə isə 760 manat müəyyən edilib.
Ötən il Azərbaycanda minimum pensiya 320, minimum əməkhaqqı isə 400 manata qaldırılıb.
Müstəqil iqtisadçıların vurğulamasına görə, bir çox dövlət qurumlarında "paket" sistemi hökm sürüb, bəzi sahələrdə məmurlar vergidən yayınmaqla hər ay əməkhaqqından qat-qat artıq ödəniş alıblar.
Rəsmilər belə iddiaları təsdiq etmirdilər, amma ölkədə "boz əməkhaqqı" sisteminin mövcud olduğunu da danmırdılar.