2023-cü il Nobel Sülh mükafatı iranlı hüquq müdafiəçisi, əslən azərbaycanlı Nərgiz Məhəmmədiyə “İranda qadın əsarəti ilə mübarizəsinə və hamı üçün insan haqları və azadlığının təbliğinə” görə verilib. Bu haqda Nobel komitəsi məlumat yayıb.
Builki sülh mükafatı “İranın teokratik rejiminin qadınları hədəfə alan diskriminasiya və əsarət siyasətinə qarşı nümayişlərə çıxmış” yüz minlərlə insanı da xatırladır. Ötən ilin sentyabrında 22-yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Hökumət buna etiraz olaraq küçələrə çıxanlara qanlı divan tutub, yüzlərlə insan həlak olub.
51-yaşlı Nərgiz Məhəmmədi islam rejimi tərəfindən 13 dəfə həbs olunub, beş dəfə məhkum edilib, ona ümumilikdə 31 il həbs və 154 qamçı cəzası kəsilib. Hüquq müdafiəçisi hazırda 12 illik həbs cəzası kəsir, dövlətə qarşı propaqanda yaymaqda təqsirli bilinib. Ailəsi ilə səkkiz ildən çoxdur görüşmür.
Nərgiz Məhəmmədi 351 nominant arasından seçilib. 92-si təşkilat olan qalan namizədlərin adları 50 ildən sonra dərc olunacaq.
Son 8 ildə sülh mükafatına azı 300 nəfərin namizədliyi verilib. 2016-cı ildə rekord namizəd sayı 376 olub. Builki nominant sayı isə tarixdə ikinci olacaq.
Mükafatların təqdimolunma mərasimi 2023-cü ilin dekabrında Osloda keçiriləcək.
İndiyədək Nobel sülh mükafatı alanlar arasında pakistanlı hüquq müdafiəçisi Malala Yusifzay, rusiyalı hüquq müdafiəçisi Andrey Saxarov, keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov olub.
Nobel Sülh Mükafatının dəyəri 11 milyon İsveç kronudur (1 milyon dollar).
Ötən il mükafat Belarus, Rusiya və Ukraynadan insan haqları fəallarına verilib.
Fizika üzrə Nobel üç ölkədən alimlərə verildi
2023-cü il üçün fizika sahəsində Nobel mükafatı maddədəki elektronların dinamikasının öyrənilməsinin eksperimental metodlarına görə verilib.
Mükafatı ABŞ, Almaniya və İsveçrə universitetlərinin alimləri Pyer Aqostini, Ferents Krauş və Ann L'ulye alıblar.
Bu alimlərin eksperimentləri işığın attosaniyələr və ya kvintillionlarla ölçülən ifrat qısa impulslarının alınmasına imkan verib.
Bu metoddan istifadə ilə son dərəcə sürətli proseslərin ölçülməsi mümkündür.
Sabah, oktyabrın 4-də kimya, oktyabrın 5-də ədəbiyyat və oktyabrın 6-da sülh üçün Nobel mükafatçılarının adları elan ediləcək.
Nobel laureatlarına qızıl medal, diplom və pul mükafatı verilir.
Bu il Nobel mükafatının pul dəyəri 11 milyon İsveç kronu və ya 994 min dolalrdır.
Mükafat üç nəfər arasında bölünə bilər.
Tibb üzrə Nobeli macar və amerikalı alimlər aldı
Fiziologiya və tibb üzrə 2023-cü il üçün Nobel mükafatı nukleozid əsasların modifikasiyasının kəşfinə verilib.
Bu kəşf COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin əldə olunmasına yol açıb.
Nobel komitəsinin məlumatında deyilir ki, bu mükafata Macarıstan alimi Katalin Kariko və amerikalı biokimyaçı Dryu Vaysman layiq görülüblər. Onların ikisi də ABŞ-ın Pensilvaniya Universitetində çalışırlar.
Bu da qeyd olunur ki, Kariko və Vaysman RNT tədqiqatları sahəsində 10 ildən artıq müddətdə əməkdaşlıq edirlər.
2021-ci ilin sentyabrında onlar COVID-19-a qarşı vaksinin yaradılmasına imkan vermiş kəşflərinə görə Breakthrough Prize mükafatına layiq görülmüşdülər və araşdırmaları üçün 3 milyon dollar almışdılar.
COVID-19-a qarşı mRNT əsaslı vaksinləri Pfizer və Moderna şirkətləri işləyib hazırlayıblar.
Bu vaksinlərin sınağı 2020-ci ilin sonlarında uğurla başa çatıb. O vaxt pandemiyanın başlanmasından bir ildən də az vaxt keçirdi.
Tibb üzrə Nobel mükafatları Nobel həftəsi zamanı elan edilmiş ilk mükafatlardır.
Bunun ardınca fizika, kimya, ədəbiyyat və sülh üzrə mükafatçılar elan olunacaq.