Ali Məhkəmə Niyaməddin Əhmədovun şikayətini təmin etmədi

Niyaməddin Əhmədov

Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi (ictimai əsaslarla olduğu deyilir) Niyaməddin Əhmədovun kassasiya şikayətini təmin etməyib.

Avqustun 22-də Ali Məhkəmə N.Əhmədovla bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, prosesdə müdafiə tərəfi bildirib ki, N.Əhmədovun əsas hüquqları pozulub: "Niyaməddin Əhmədovun müdafiə hüququ, ədalətli məhkəmə araşdırması hüququ pozulub, barəsində ailəsinə məlumat verilməyib, o, təhdid və təzyiqlərə məruz qaldığını bildirib. İş materialındakı sübutlar qanunsuz əldə olunub və sonra məhkəməyə təqdim olunub. Amma, çox təəssüf ki, məhkəmə bizim arqumentlərimizə qiymət vermədi və kassasiya şikayətimiz təmin olunmadı".

N.Əhmədovun özü məhkəmə prosesində iştirak etməyib.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, Ali Məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Niyaməddin Əhmədov 2020-ci ilin aprelində həbs olunub. Öncə o, koronavirus pandemiyası ilə bağlı karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki - 281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

Məhkəmənin qərarı ilə N.Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

N.Əhmədov özünü təqsirli bilməyib.

AXCP isə hesab edir ki, N.Əhmədovun həbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan və polisin qarşısını aldığı etiraz aksiyasında sədri saxlanana qədər onu tək buraxmamasıdır.

Rəsmilər ölkədə siyasi həbslərin olması və müxalifətçilərin şərlənməsi ilə bağlı deyilənləri qəbul etmirlər.