Rusiya mediası bugünlərdə ölkənin tanınmış insan haqları müdafiəçisi və dissidenti Nina Litvinovanın intiharı barədə xəbər yayıb. Onun əmisiqızı dissidentin ölümünə görə prezident Vladimir Putini ittiham edən məktub yazdığını deyir.
80 yaşlı Litvinovanın intiharı barədə məlumat mayın 13-də yayılıb. Ertəsi gün onun əmisiqızı, jurnalist Mariya Slonim sosial şəbəkədə paylaşdığı qeydin Litvinovanın məktubundan olduğunu yazıb.
“Onlara heç cür kömək edə bilmirəm”
“Əlbəttə, nə RİA, nə də bu xəbəri ilk yayan Gazeta.Ru bu məktubu dərc edəcək, çünki orada ölümünün səbəbləri çox açıq göstərilib. Buna görə də biz əsl səbəbləri göstərməyə qərar verdik: Onu Putin öldürdü!” – Slonim yazıb.
Paylaşılan hissədə Putinin ölkə daxilində müxaliflərə qarşı repressiyalarından və Ukraynaya qarşı apardığı təcavüzkar müharibədən bəhs olunur.
“Hamınızı sevirəm və barənizdə düşünürəm. Amma getməliyəm; yaşamaq mənim üçün dözülməz olub. Putin Ukraynaya hücum edəndən və günahsız insanları öldürür, burada isə minlərlə insan mənim kimi müharibəyə və qətllərə qarşı çıxdıqları üçün sonsuz şəkildə həbsə atılır, əziyyət çəkir və ölür”, – məktubda deyilir.
“Onlara heç cür kömək edə bilmirəm. Yevgeniya Berkoviç, Svetlana Petriiçuk, Karina Tsurkan və həbsdə olan minlərlə insan əziyyət çəkir və ölür”, – deyə məktubda siyasi məhbus sayılan şəxslərin adları çəkilir.
“Onlara kömək etməyə çalışdım, amma artıq gücüm qalmayıb və gecə-gündüz acizlik hissindən əziyyət çəkirəm. Xəcalət çəkirəm, amma təslim oldum. Xahiş edirəm, məni bağışlayın.”
Siyasi məhbuslara kömək edib, amma diqqət çəkməyib
Rusiyanın “Memorial” insan haqları təşkilatı bundan əvvəl fəalın ölümünü təsdiqləmişdi. Təşkilat bildirib ki, Litvinova 1960-cı illərdən etibarən siyasi məhbuslara, o cümlədən 1968-ci ilin avqustunda Qızıl meydanda Çexoslovakiyanın işğalına qarşı keçirilən aksiyaya qatılan qardaşı Pavel Litvinova kömək edib.
2022-ci ildə Litvinova AzadlıqRadiosunun rus xidmətinin sənədli filmində qısa kadrda görünüb. Həmin filmdə o, həbsdə olan müxalif fəal Olqa Bendası ziyarət edirdi.
Son illər Litvinova tarixçi Yuri Dmitriyev və “Memorial”ın həmtəsisçisi Oleq Orlovun məhkəmələri daxil bir sıra səs-küylü proseslərdə iştirak edib.
O, daha az tanınan bir çox siyasi məhbusa da kömək edib. “Memorial” bəyanatında qeyd edir ki, Litvinova bunu heç vaxt diqqət çəkmək üçün etməyib.