Jurnalist Nika Novak aclıq aksiyasına başladığını bildirib

Nika Novak

Jurnalist Nika Novak İrkutsk vilayətindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəli şəraitə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Novaka 2024-cü ilin noyabrında xarici təşkilatla məxfi əməkdaşlıq ittihamı ilə 4 il həbs cəzası kəsilib. "SOTAvision" jurnalistin cəzaçəkmə müəssisəsindəki ağır şəraitdən şikayətçi olduğunu yazır.

Novosibirskdəki Dzerjinski məhkəməsində fasilədə o bildirib ki, onu cərimə kamerasına salıblar, çünki koloniyada hər şeyin yaxşı, məhkumların məmnun olduğu barədə mediaya müsahibə verməkdən, eləcə də tikişçi kimi işləməkdən imtina edib.

Dediyinə görə, sərt şəraitə keçirildikdən sonra ona məktubların verilməsi dayandırılıb, koloniyanın əməkdaşları onu yeni qayda pozuntularına təhrik edirlər: "Burada dörd nəfərik, bizə işgəncə verirlər. Bir qızı iki gün döydülər. Döyüləndən sonra da təhrik edirlər ki, onu daha insani şəraitə keçirməsinlər".

Novak bildirib ki, koloniyanın rəhbərliyinin münasibəti dəyişməsə, ona bütün məktublar verilməsə, aqressiv kamera yoldaşı başqa yerə köçürülməsə, aclıq aksiyasını davam etdirəcək. O həmçinin mediaya və vətəndaşlara müraciət edərək koloniya ilə bağlı şikayətlər yazmalarını istəyib. Jurnalistin sözlərinə görə, durum "bundan pis ola bilməz", amma o, koloniya rəhbərliyi ilə heç bir əlaqə qura bilmir. Novak sonuncu dəfə avqustun sonunda cərimə təcridxanasına köçürüldükdən sonra aclıq elan etmişdi.

N.Novak "Chita Media"da çalışıb, sonra zab.ru saytının baş redaktoru olub. 2021-ci ildən Çitada "İstedadlılar" mərkəzinə rəhbərlik edib, orada musiqi və poeziya gecələri təşkil olunub. 2022-ci ildən AzadlıqRadiosu ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib.

Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus hökm elan olunduqdan sonra Rusiyanı jurnalisti azad etməyə çağırıb: "Rusiyada AzadlıqRadiosunun jurnalisti Nika Novaka qarşı ədalətsiz hökmü qətiyyətlə pisləyirik. Bu siyasi motivli ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq və onlara təzyiq niyyəti güdür".