Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) İsveçrədən olan müşahidəçisi Nik Quqqerin (Nick Gugger) Azərbaycana buraxılmaması ilə əlaqədar dövlət orqanlarına sorğu göndərilib.
Bu barədə ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri İoğan Mörfi (Eoghan Murphy) AzadlıqRadiosunun sualına cavab olaraq bildirib: "Bəli, bizim qısamüddətli müşahidəçilərimizdən biri ölkəyə dəvət olunsa da, icazə verilmədi. Bununla bağlı dövlət qurumları ilə mən danışmışam və sorğu göndərmişəm".
N.Quqqerin fevralın 3-də Bakıdakı hava limanında ölkəyə buraxılmayaraq geri qaytarıldığı bildirilir.
İsveçrə mediası qeydiyyatdan keçmiş ATƏT müşahidəçisinin ölkəyə buraxılmamasını "diplomatik təhqir" kimi qiymətləndirib. Belə hadisələrin nadir hallarda baş verdiyi vurğulanıb. Quqqerin Azərbaycana buraxılmamasının onun Avropa Şurasındakı fəaliyyəti ilə bağlı olması istisna edilməyib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu olaya şərh verməsə də, mediada yer alan iddialara görə, isveçrəli müşahidəçi Qarabağ ilə bağlı mövqeyinə görə Bakıda qadağa ilə üzləşib.
Xatırlatma
Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirilir. Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.
ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.