Həbsdə olan ictimai fəal Nicat İbrahimin cəza rejiminin sərtləşdirilməsi üçün məhkəməyə təqdimat göndərilib. Bu barədə AzadlıqRadiosuna fəalın həyat yoldaşı Pərvin İbrahimova məlumat verib. Onun sözlərinə görə, N.İbrahimin 10 saylı Cəzaçəkmə Müəssisəsində bir aydan çoxdur cərimə kamerasında saxlanılmasının səbəbi bugünlərdə aydınlaşıb. Vəkilə bildirilib ki, müəssisə rəhbərliyi onun cəza rejiminin ağırlaşdırılması – qapalı həbsxana rejiminə köçürülməsi üçün təqdimat hazırlayıb.
"Təqdimatda iddia olunur ki, guya Nicat müəssisədə nizam-intizam qaydalarını kobud şəkildə pozur, dava-dalaş salır və s. Əlbəttə ki, bütün bunlar bəhanədir. İndiyə qədər də ictimai-siyasi fəalları müxtəlif bəhanələrlə həbsxana rejiminə göndəriblər – biri haqda yazmışdılar ki, idman etmir, başqası haqda yazmışdılar ki, yerini yığmır. Bu baxımdan, təəccüblü deyil", –P.İbrahimova bildirib.
O vurğulayıb ki, ictimai fəal dəfələrlə cəzaçəkmə müəssisəsində təxribatlarla üzləşib. Bu səbəbdən narahat idilər ki, təxribatların xoşagəlməz nəticəsi olacaq.
P.İbrahimovanın fikrincə, ərinin uzun müddət karsda qalması və ailəsi ilə əlaqəsinə icazə verilməməsi əvvəldən pis niyyətdən xəbər verirdi: "Aydın idi ki, bu işin sonunda xoşagəlməz bir şey olacaq. Biz də həbsxana rejiminə köçürülməyi ehtimal edirdik. Elə də oldu. Adamı bu hökumətin öz insanlarına qarşı qəddarlığı ağrıdır. Necə bu qədər zalım olmaq olar? Günahsız bir adamı şərləyib, ömründən illərini oğurlamaqla kifayətlənmirlər, daha çox əzab vermək istəyirlər".
N.İbrahimin cəza rejiminin ağırlaşdırılması ilə bağlı məhkəməyə təqdimat verilməsini onun vəkili Zibeydə Sadıqova da AzadlıqRadiosuna təsdiqləyib. İctimai fəalın 3 il müddətinə qapalı həbsxana rejiminə keçirilməsi istənilib.
Təqdimata iyulun 14-də Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədova baxacaq.
Penitensiar Xidmətdən N.İbrahimlə bağlı məsələyə şərh almaq mümkün olmayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən əvvəlki açıqlamalarda bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunda nəzərdə tutulan bütün hüquqları təmin olunur.
Xatırlatma
N.İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda ittiham olunan ictimai fəal 6 il 6 ay azadlıqdan məhrum edilib.
İttihamı rədd edən ictimai fəal heç kimi bıçaqlamadığını bildirib. Onun sözlərinə görə, küçədə dayandığı yerdə tanımadığı bir nəfərin hücumuna məruz qalıb, həmin şəxs özünü yerə ataraq qışqırmağa başlayıb və dərhal hadisə yerinə polislər gəlib.
N.İbrahim həbs olunmazdan bir həftə əvvəl ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanında saxlanılaraq buraxılmayıb. Onun sözlərinə görə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub nazirliyin qarşısında özünü öldürəcəyini dediyinə görə cəzalandırılıb.
İctimai fəal bundan əvvəl də – 2020-ci ilin iyulunda Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yaymaq ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. O, həmin vaxt da təqsirsiz olduğunu və etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını bildirmişdi. Bir neçə il öncə isə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.
Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqa şəxsə bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onlar özlərini təqsirli bilmir, ümumiyyətlə, heç kimi bıçaqlamadıqlarını, şərlənərək həbs edildiklərini deyirlər.
Eyni zamanda, cəzaçəkmə müəssisələrində saxlanılan fəalların bir çoxunun cəza rejimi sonradan sərtləşdirilir, onlar müxtəlif müddətlərə qapalı həbsxana rejiminə göndərilir. İctimai-siyasi fəallar bunu həbsdə əlavə təzyiq kimi qiymətləndirirlər.
Hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.
Rəsmilər isə ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi səbəblərə görə həbs olunmadığını iddia edirlər. Onlar bildirirlər ki, həmin siyahılarda yer alan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunublar.