İctimai fəal Nicat Əmiraslanova 15 sutka inzibati həbs cəzası verilib. Bu barədə AzadlıqRadiosuna fəalın yaxınları danışıb.
Yaxınlarının vurğulamasına görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə məhkəməyə çıxarılıb.
Onların demələrinə görə, N.Əmiraslanovun həbsi 18 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı bukletlərin paylaması ilə izah edilir: "Amma rəsmi məlumatımız yoxdur".
Mayın 13-nə keçən gecə Gəncə sakini, 18 yaşlı E.İbrahimov Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib. Faktla bağlı cinayət işi açıldığı deyilsə də, hələlik, cinayətkarların tapılmaması sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Lakin N.Əmiraslanovun etiraz aksiyası keçirilməsi ilə bağlı sosial şəbəkədə çağırışına rast gəlinməyib.
Hələlik, fəalın həbsi ilə bağlı Daxili İşlər Nazirliyindən də mövqe öyrənmək mümkün olmayıb.
N.Əmiraslanov əvvəllər müstəqil jurnalist kimi fəaliyyət göstərib. 2024-cü ildə NİDA Vətəndaş Hərəkatının fəalı olan Əmiraslanov iyunun 15-də, saxlanıldıqdan iki gün sonra sərbəst buraxılmışdı. O saxlanılmasını şərh etməsə də, yaxınları şiddət gördüyünü açıqlamışdı. Lakin bu, rəsmən təsdiqini tapmamışdı.
2017-ci ildə isə N.Əmiraslanov Qazax rayonunda 30 sutka inzibati qaydada həbs edilmişdi. Həmin vaxt sosial şəbəkələrdə onun saxlandıqdan sonra işgəncələrlə məruz qaldığı bildirilsə də, həmin iddiaları onda da rəsmi qurumlar təsdiqləməmişdi. Əmiraslanovun özü də həmin vaxt haqqında deyilənlərə münasibət bildirməmişdi.