Nepalda etirazlar: Ölkəni böhrandan qadın baş nazir çıxarmalıdır

Nepal prezidenti Ram Çandra Paudel yeni təyin olunmuş baş nazir Suşila Karkiyə and içdirir.

Ali Məhkəmənin keçmiş sədri Suşila Karki Nepalın yeni baş naziri olub. O, ilk qadın hökumət başçısıdır. Karki bu vəzifəyə prezident, hərbçilər və "Z nəsli" etiraz hərəkatı nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrdən sonra təyin edilib. Bu həftə görünməmiş kütləvi etirazlar keçmiş baş nazirin və onun kabinetinin istefasına səbəb olub. Son məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 51 nəfər ölüb, mindən çox insan yaralanıb.

Etirazçılar korrupsiyaya qarşı mübarizədə ad çıxarmış Karkini baş nazirliyə əsas namizəd seçiblər. O, müvəqqəti baş nazir statusu alıb və 2026-cı ilin martına təyin olunan yeni seçkilərə qədər Nazirlər Kabinetinin başında qalacaq.

Küçə təzyiqinə boyun əyən prezident etirazçıların irimiqyaslı korrupsiyada günahlandırdığı partiyaların üstünlük təşkil etdiyi parlamenti buraxıb.

Etirazlara bilavasitə səbəb hökumətin ölkədəki əksər sosial şəbəkə və messencerlərə qadağa qoyması olub. Qanlı toqquşmalardan sonra qadağa götürülüb, lakin etirazlar davam edib - bu dəfə korrupsiya əleyhinə şüarlar altında. Etirazçılar hökumət binalarına girərək onları yandırıblar, bir neçə nazir döyülüb, bəziləri isə ölkədən qaçıb. Baş nazir Şarma Oli istefa verib.

Xəbər agentliklərinin məlumatına görə, Nepal tədricən normal həyata qayıdır, Katmanduda mağazalar açılıb, küçələrdə barrikadalar sökülür.