Nepalda sosial şəbəkələrə qadağa ləğv edilib, baş nazir istefa verib [Video]

Paytaxt Katmanduda iğtişaşlar

Nepalda hakimiyyət sosial şəbəkələrə qadağanı ləğv edib. Bir gün öncə isə bu qadağanın tətiklədiyi antikorrupsiya mitinqləri dağıdılarkən 19 nəfər həlak olub.

Etirazlar fonunda Nepalın baş naziri Şarma Oli istefa verib.

Etirazlara, əsasən, gənclər, xüsusən də "Z nəsli" çıxır. Etirazçılar sosial şəbəkələrin bloklanmasına, ölkədəki korrupsiyaya qarşı çıxdıqlarını deyirlər. Etirazlar zamanı 100-dən çox insan yaralanıb.

Populyar messencerlərə qadağa ötən həftə tətbiq olunmuşdu. Sentyabrın 9-da qadağa götürülüb. Bu haqda "Reuters" agentliyi hökumətə istinadla yazıb. Agentlik bu gün səhərdən bütün tətbiqlərin işlədiyini xəbər verir.

Amma etiraz aksiyaları davam edib. Bundan öncə paytaxt Katmanduda müddətsiz komendant saatı elan olunmuşdu. Agentliklərin xəbərinə görə, etirazçılar bir neçə aparıcı siyasətçinin iqamətgahını yandırıblar. Onlar yenidən parlament binasının qarşısına toplaşaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Sonradan parlamentə daxil olaraq bina yandırmaları barədə xəbərlər yayılıb.

Nepalın keçmiş baş naziri Cala Nath Khanalın evi yandırılan vaxt içəridə olan həyat yoldaşı aldığı xəsarətlərdən vəfat edib. Ev ölkədəki hökumət əleyhinə zorakı etirazlar zamanı yandırılıb. Məlumatı yerli mediaya istinadla "Newsweek" yayıb.

İğtişaşlar zamanı ölkənin parlament binası, siyasi liderlərin evləri yandırılıb.

Nepalda YouTube, X, Reddit, LinkedIn, həmçinin WhatsApp, Facebook, Instagram kimi onlayn platformalar və sosial şəbəkələrə məhdudiyyətlər qoyulmuşdu. Hakimiyyət bu platformaların qeydiyyatdan keçmədiyini bildirib. Avqustda Nepalın Ali Məhkəməsi dezinformasiyanın yayılmasına qarşı mübarizə məqsədilə onlayn xidmətləri dövlət nəzarətinə götürməklə bağlı qərar qəbul edib.

Tənqidçilərin fikrincə, hökumətin məqsədi populyar messencerlər üzərində nəzarəti genişləndirməkdir.