Nepal-Çin sərhədində torpaq sürüşməsi nəticəsində yaranan göl cümə günü – avqustun 28-də daşmağa başlayıb. Xilasetmə işləri müvəqqəti dayandırılıb.
Çinin dövlət televiziyası CCTV bildirib ki, çinli xilasedicilər və nəqliyyat vasitələri təhlükəsiz əraziyə çəkilib. Nepalda isə xilasetmə əməliyyatları 90 dəqiqəlik dayandırılıb.
Təbii fəlakət avqustun 26-da bölgədə buzlağın çökməsi nəticəsində baş verib. Nepalda təsdiqlənmiş ölü sayı 469-a çatıb.
Nepal və Tibetdə ümumilikdə daha 1000-ə yaxın insan itkin düşüb. Buzlağın çökməsindən sonra nəhəng qaya, buz, palçıq və dağıntı kütləsi Himalay dağlarındakı çay sistemləri boyunca aşağıya hərəkət edib.
27.08.2026
Nepalda və Çində daşqından sonra təxminən 1500 nəfər itkin düşüb
Nepal və Çinin Tibet bölgəsində daşqından sonra təxminən 1500 nəfər, o cümlədən 800-ə yaxın əcnəbi itkin düşüb. Qəfil daşqına Himalay dağlarında palçıq və qaya kütləsinin çaya uçması səbəb olub.
Polis ölənlərin sayının 165-i keçəcəyini bildirib.
Nepalda xilasedicilər sağ qalanların axtarışına helikopterlərlə çıxıblar. Ölkədə itkin düşmüş 826 nəfərdən təxminən 500-ü əcnəbidir.
Onların arasında Hindistan, ABŞ, Avstraliya, Britaniya və Kanada vətəndaşları var.
“Reuters” yaxır ki, həqiqiliyi təsdiqlənmiş videolarda nəhəng su və dağıntı kütləsinin onlarla insanı apardığı görünür. Sel Nepalda evləri, yolları və enerji infrastrukturu obyektlərini də yuyub aparıb.
“Birbaşa üstümüzə nəhəng palçıq axını gəlirdi”, — Nepalda xəstəxanada müalicə olunan 68 yaşlı Keşav Prasad Baral deyib.
Dörd saat sonra helikopter Baralı təhlükəsiz yerə çatdırıb. “Həyat yoldaşım hələ də palçığın altındadır. O, artıq yoxdur”, – o əlavə edib.
Daşqından sağ çıxan başqa bir nəfər deyib ki, manqo ağacından yapışaraq xilas olub, işlədiyi ev gözünün qabağındaca yoxa çıxıb.