Neft ucuzlaşır

Neft buruğu

Oktyabrın 17-də neftin qiyməti bir qədər də düşüb, həftəlik azalma 3 faizə yaxınlaşıb. Bundan öncə Beynəlxalq Enerji Agentliyi (IEA) bazarda aşırı təkliflə bağlı proqnozunu açıqlayıb. ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin isə Ukrayna məsələsini müzakirə etmək üçün yenidən görüşmək qərarına gəliblər.

"Brent" markalı xam neftin fyuçersləri 44 sent və ya 0.7 faiz ucuzlaşaraq bir barel üçün 60.62 dollar olub. ABŞ-nin "West Texas Intermediate" (WTI) nefti isə 44 sent və ya 0.8 faiz azalaraq 57.02 dollara düşüb.

Tramp və Putin oktyabrın 16-da telefonla danışaraq iki həftə içində Budapeştdə görüşmək, Ukraynadakı müharibəni müzakirə etmək qərarına gəliblər.

Bu arada Vaşinqton Hindistan və Çinə Rusiyadan neft alışını dayandırmaq üçün təzyiqləri artırır.

PVM analitiki Tamaş Varqa "Reuters"ə deyir ki, Tramp-Putin görüşü ABŞ-nin Rusiyaya qarşı mövqeyinin yumşala biləcəyinə işarə ola bilər: "Bu halda qiymətlər daha da düşə bilər".

Bu həftə neftin ucuzlaşmasına ABŞ və Çin arasında ticari gərginliyin artması də təsir göstərib. IEA isə 2026-cı il üçün təklifin artdığını proqnozlaşdırıb.

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) oktyabrın 16-da bildirib ki, ötən həftə ölkədə xam neft ehtiyatı 3.5 milyon barel artaraq 423.8 milyon barelə yüksəlib. Eyni zamanda, Birləşmiş Ştatlarda gündəlik neft hasilatının 13.636 milyon barelə çatdığı bildirilir. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.