Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri bu il sentyabrın 30-na 74 milyard 4 milyon ABŞ dolları (125 milyard 807 milyon manat) təşkil edib. Fondun oktyabrın 20-də yaydığı məlumata görə, 2026-cı ilin əvvəlində bu göstərici 73 milyard 542 milyon ABŞ dolları səviyyəsində olub.
Yaxın Şərqdə dərinləşən böhran səbəbindən Azərbaycan nefti bu il 70 faiz civarında bahalaşıb ( ciddi bahalaşma qazda da baş verməkdədir ).
Amma ümumilikdə mənfəət neftinin və qazın satışından cəmi 3,7 faiz artım var.Yəni bu rəqəm 6 880,9 mln. manatdan 7135,7 mln. manata yüksəlib.Bahlaşma olsa da neft hasilatında azalma var.
Nətcə etibarı ilə Fondun aktivlərində cəmi 462 milyon dollar (0.63 faiz) artım müşahidə olunub.
Gəlirlər və xərclər
Qurumun hesabat dövründəki ümumi gəlirləri 12 milyard 341 milyon manatı ötüb: "Sözügedən müddətdə Fondun neft-qaz layihələrindən əldə etdiyi gəlir 8 milyard 740.6 milyon manat, vəsaitlərin idarə olunmasından qazancı isə 3 milyard 600.7 milyon manat təşkil edib. Fondun büdcə xərcləri isə 9 milyard 681.2 milyon manat olub".
Büdcə xərcləri aşağıdakı kimi bölüşdürülüb:
- Dövlət büdcəsinə 9 milyard 628 milyon manat vəsait transfert edilib.
- İcrası davam edən bir sıra layihələrə, o cümlədən təhsillə bağlı dövlət proqramlarına bütövlükdə 27.7 milyon manat ayrılıb.
- ADNF-nin inzibati idarə edilməsinə isə 25.5 milyon manat xərclənib.
Hesabatda büdcədənkənar xərclərə də toxunulub: "Qızılın qiyməti və valyuta məzənnələrinin dəyişməsi səbəbindən hesabat dövründə 1 milyard 874 milyon manatlıq büdcədənkənar xərc yaranıb".
Xatırlatma
1999-cu ildə yaradılan ADNF qurulduğu gündən ötən ilin sonuna kimi ümumilikdə 217.3 milyard dollar gəlir əldə edib (builki 12 milyard manat bura daxil deyil). Bu vəsaitin 198.4 milyard dolları neft-qaz sazişlərindən, 18.9 milyard dolları isə investisiya gəlirlərindən formalaşıb.
Bəzi müstəqil iqtisadçılar Fondun vəsaitlərinin xərclənməsində şəffaflığın hər zaman tam qorunmadığını və bu pulların mühüm bir hissəsinin korrupsiya obyektinə çevrilə biləcəyini iddia edirlər. Rəsmi qurumlar isə bu cür iddiaları rədd edirlər.