Azərbaycan Neft Fondu Çin və İndoneziya ilə birgə platforma yaratdı

Sizin brauzer HTML5-i dəstəkləmir

'Gəlirlərinin xərclərini örtməsi sual altındadır' - Neft Fondundakı pullar necə xərclənir?

Azərbaycan Dövlət Neft Fondu (ADNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.

Bu barədə ADNF aprelin 15-də məlumat yayıb.

Vurğulandığına görə, platforma Çin ilə ASEAN regionu arasında kapital axınlarını stimullaşdırmaq və sənaye əməkdaşlığını gücləndirmək məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərəcək.

Açıqlamaya görə, ilkin mərhələdə platformaya 520 milyon ABŞ dolları cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları müəyyən edilib.

Proqramın baş tərəfdaşı "China Galaxy Securities" şirkətidir.

Fondun yaradılması ilə bağlı sənədlərin imzalanma mərasimi iki gün öncə, aprelin 13-də Pekində keçirilib.

Bugünlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov da demişdi ki, Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilir.

Fond haqqında

Hazırda ADNF-in məcmu aktivlərinin 73 milyard dollar civarında olduğu bildirilir.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Yarandığı vaxtdan indiyədək Fondun ümumi gəlirlərinin 215 milyard ABŞ dollarından çox olduğu deyilir.

Fondun hesabatlarına görə, daxil olan vəsaitlərin böyük hissəsi dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşdirilməsinə yönəldilir.

Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.

Xatırlatma

Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.

Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib.

Müxalifət isə hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.

Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə bilər.