Bu gün, dekabrın 29-da prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 2026-cı il büdcəsini təsdiqləyib.
Fondun büdcəsinin gəlirləri 13 milyard 32 milyon, xərcləri isə 13 milyard 16 milyon manat təşkil edib. Həm gəlirdə, həm də xərcdə azalma var – müvafiq olaraq, 9.8 faiz və 11 faiz.
Gələnilki xərclərin 12 milyard 835 milyon manatı Azərbaycanın 2026-cı il dövlət büdcəsinə transfertin payına düşür.
Xatırlatma
Hazırda ADNF aktivlərinin 70 milyard ABŞ dollarından çox olduğu bildirilir.
ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan ümumi gəlirlərinin 210 milyard ABŞ dollarından çox olduğu deyilir.
Fondun hesabatlarında ona daxil olan vəsaitlərin böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.