Nazirlər Dağıstanda qalan Azərbaycan vətəndaşlarından danışdılar

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Rusiya sərhədində nə baş verir?

Bugün, mayın 19-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Serqey Lavrov ilə telefon söhbəti baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda yazılıb ki, nazirlər hər iki ölkənin prezidentləri arasında telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti müzakirə ediblər.

Buna da bax: Putin: Dağıstanda COVID-19 problemi kəskindir

XİN-in bildirməsinə görə, onlar bu məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları nəzərdən keçiriblər.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında telefon danışığı dünən, mayın 18-də birincinin istəyi ilə gerçəkləşib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycan aprel ayının əvvəlindən ölkəyə giriş və çıxışı dayandırıb.

Yüz minlərcə Azərbaycan vətəndaşının işləmək üçün Rusiyaya getdiyi deyilir. Son aylar onların ölkələrinə qayıdışında problemlər yaranıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya-Azərbaycan sərhədində acınacaqlı durum

Aprelin 8-də Azərbaycan Xarici İşlər Nazirliyində Rusiyada yaşan vətəndaşların ölkəyə qayıdışı üzrə yaradılan "Evə gedirəm" adlı qeydiyyat portalının təqdimatı keçirilib. XİN qeyd edib ki, Azərbaycana qayıtmaq istəyən ölkə vətəndaşları həmin portal vasitəsilə qeydiyyatdan keçməlidir.

Verilən məlumatlara görə, son həftələr isə yüzlərcə Azərbaycan vətəndaşı Dağıstan ərazisində gözləyərək ölkələrinə qayıdacaqlarına ümid edirlər. Onların bəziləri AzadlıqRadiosuna da şikayət edərək vurğulayıblar ki, vəziyyətləri acınacaqlıdır, Azərbaycan hökuməti onlara yardım etmir.

Buna da bax: Rusiyadan qayıda bilməyən Azərbaycan vətəndaşının şikayəti

Azərbaycan rəsmiləri isə bundan əvvəl vurğulamışdılar ki, sərhəddə bu şəkildə yığışmaq vəziyyətdən çıxış yolu deyil. Onlar həmin vətəndaşların mərhələli şəkildə ölkəyə gətiriləcəklərini açıqlamışdılar.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 910 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 320 mindən artıq şəxsin vəfat etdiyi açıqlanıb. İndiyə qədər Azərbaycanda isə 3 min 387 nəfərin koronavirusa yoluxduğu, 40 nəfərin də öldüyü bildirilib.