Avropa Şurası Nazirlər Komitəsi bəzi keçmiş vəkilləri müdafiə edir

Qurumun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduqları vurğulanır

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Vəkillər Kollegiyasından xaric edilən bəzi şəxslərin üzvlüyə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.

Qərarda keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduqları vurğulanır.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Onun sözlərinə görə, qərar Namazov işi qrupuna daxil olan qərarların icra durumunun müzakirəsinin yekunu kimi qəbul edilib:

"Bu qrup çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarlarının icrasına nəzarət edilir. Hər 3 qərar vəkillərin Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi".

Hüquqşünasın dediyinə görə, Avropa Şurasının Nazirlər Komitəsinin qərarında qeyd edilir ki, Azərbaycan hökuməti Vəkillər Kollegiyasının diqqətini AİHM-in vəkillikdən uzaqlaşdırılanların şikayətləri üzrə qərarlarının icrasına, şikayətçilərin əvvəlki vəziyyətlərinə qaytarılmalı olması öhdəliyinə yönəltməlidir. Hökumətdən hər 3 ərizəçi ilə bağlı işlərə yenidən baxılması, qərar verilməsi istənilir.

Məsələyə, hələlik, Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

Elçin Namazov 2011, Aslan İsmayilov 2013, Xalid Bağırov isə 2015-ci ildə kollegiyadan xaric edilib.

Xatırlatma

Son illər Azərbaycan Vəkillər Kollegiyasında bir çox vəkil xaric edilib. Onlardan bir çoxunun müxalifətçilərin, araşdırmaçı jurnalistlərin vəkili olduğu qeyd edilir və bu qərar siyasi sifariş kimi yozulur.

Amma Azərbaycan Vəkillər Kollegiyası onların xaric edilməsini qanunvericiliyin tələblərini pozmaları ilə izah edib.