Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin mayın 15-dən etibarən qida və dərman qəbuluna icazə verilmədiyi bildirilir.
Bu barədə onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb. Onun sözlərinə görə, Bəydəmirli bir sutka ərzində günəş altında ayaqüstə saxlanılıb, daha sonra cərimə kamerasına (karser) göndərilib: "Hər kəsin gözü önündə bir sutka günəşin altında ayaqüstə saxladılar, sonra karserə göndərdilər. Nazimin həyatından çox narahatıq. Müraciət etdiyim səlahiyyətli orqanların heç biri geri dönüş etməyib".
Fəridə Bəydəmirli ərinin hansı səbəbdən cərimə kamerasına salındğını açıqlamayıb.
Bu açıqlamaya Penitensiar Xidmət, başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
17 aprel
Nazim Bəydəmirlidən xəbər var
Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin ailəsi 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi ilə danışıb.
Bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.
"13 Cəzaçəkmə Müəssisəsinin rəisi ilə danışdım, Nazimlə bağlı narahatlığın aradan götürüldüyünü dedi", - o vurğulayıb.
N.Bəydəmirlinin cərimə kamerasından çıxarıldığı deyilir.
Bu məsələ ilə bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsi rəhbərliyi ilə və ya başqa cavabdeh rəsmi qurumlarla ayrılıqda danışmaq mümkün olmayıb.
16 aprel
Xanımı Nazim Bəydəmirlinin 'kars'a salındığını deyir
Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin ailəsi onun həyatına təhlükə olduğunu düşünür. Xanımı Fəridə Bəydəmirli aprelin 16-da bildirib ki, əri bir neçə gün əvvəl müalicəsi yarımçıq saxlanılaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsindən 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib: "Bu gün məlum olur ki, Nazimi karsa (cərimə kamerası) salıblar. Sabah Nazimin səhmləri ilə bağlı Nizami rayon Məhkəməsində məhkəmə prosesi başlayır. Nə hikmətdirsə, bu gün Nazim karsa salınıb".
Ölkə rəhbərliyinə müraciət edən F.Bəydəmirli səhhəti ağır olan ərinin heç bir səbəb göstərilmədən cəza kamerasına yerləşdirildiyini vurğulayıb.
F.Bəydəmirlinin açıqlamasına Ədliyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
30 mart
Ailəsi Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılmasını istəyir
Ailəsi hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş deputat Nazim Bəydəmirlinin daha geniş xəstəxanaya köçürülməsini istəyir. Bu barədə onun xanımı Fəridə Bəydəmirlinin ölkə başçısına müraciətində bəhs edilir.
O vurğulayır ki, ərinin sağlamlığında çox ciddi problemlər yaranıb, "daha geniş xəstəxanada yatırılıb ciddi müalicə olunmalıdır".
F.Bəydəmirli istəyir ki, əri ev dustaqlığına buraxılsın.
Bu açıqlamaya rəsmi qurumların münasibəti bəlli deyil.
27 mart
Nazim Bəydəmirli Müalicə Müəssisəsinə yerləşdirilib
Keçmiş deputat Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bu barədə onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb.
Amma o qeyd edib ki, hələlik, həyat yoldaşının səhhəti ilə bağlı məlumat ala bilməyib.
Məsləyə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən də münasibət almaq mümkün olmayıb.
Nazim Bəydəmirlinin həbsdə səhhəti qəfil pisləşib
Keçmiş deputat Nazim Bəydəmirlinin həbsdə səhhətinin qəfil pisləşdiyi bildirilir. Bu haqda bu gün, martın 26-da onun xanımı Fəridə Bəydəmirli məlumat yayıb. O, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə də müraciət edərək vurğulayıb ki, hal-hazırda Qaradağ rayonu13 nömrəli Cəzaçəkmə Müəssisəsində olan N.Bəydəmirlinin səhhəti qəfil pisləşdiyindən təcili yardım çağırılıb hospitalizasiya olunmalıdır.
Bu açıqlamaya sözügedən rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
N.Bəydəmirlinin ailəsi bundan əvvəl də onun səhhəti ilə bağlı narahatlıqlarını bəyan edib.
N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinsə də, özü ittihamı "uydurma" adlandırıb. Ona 8 il həbs cəzası kəsilib.
N.Bəydəmirli 2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olub. Keçmiş deputatın sözlərinə görə, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə qurban vermək lazım gəldiyindən onu seçiblər və bu üzdən, özünü "ekologiya məhbusu" adlandırır.
2023-cü ilin iyununda Söyüdlü sakinləri ərazidəki qızıl zavodundan axan su vasitəsilə kənddəki gölün zəhərləndiyini bildirir və bunun da əhaliyə mənfi təsir göstərdiyini vurğulayaraq etiraz aksiyası keçirmişdilər. Həmin gün və sonradan saxlanan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb və onlar həbsə göndəriliblər.
Həmin qızıl zavodunun işi dayandırılsa da, sonradan rəsmi komissiya yenidənqurma və modernləşdirilmə ilə bağlı müəyyən tövsiyələr verməklə onun fəaliyyətini mümkün sayıb. İstismarçı "Anglo Asian Mining" şirkəti üzərinə yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi, sosial layihələrin gerçəkləşdirilməsi tələbləri də qoyulurdu.
Müəssisənin son durumu ilə bağlı yaxın tarixdə ictimaiyyətə açıqlama verilməyib.