Nazim Bəydəmirli hüquqlarının məhdudlaşdırıldığını bildirir

Nazim Bəydəmirli

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edərək hüquqlarının əsassız olaraq məhdudlaşdırıldığını bildirib.

O vurğulayıb ki, bilmədiyi səbəbdən ayrıseçkiliyə məruz qalır.

"Videogörüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərimə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardımla və həkimlə təmin olunmuram", - o şikayətlənib.

Keçmiş deputat əlavə edib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə etap olunduğu gündən (5 aydır karantində saxlanıldığını bildirir) videogörüntü hüququndan məhrum edilib.

N.Bəydəmirli bildirib ki, bu problemlərlə bağlı xanımı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun və Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub, amma indiyədək heç bir tədbir görülməyib.

Müraciətə sözügedən rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bundan əvvəl Penitensiar Xidmətdən oxşar şikayətlərə cavab olaraq bildirilmişdi ki, cəzaçəkmə müəssisələrində məhbuslar üçün qanunvericilikdə nəzərdə tutulan bütün zəruri imkanlar yaradılır.

N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, hədə-qorxu ilə əmlak tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunub. Keçmiş deputat ittihamları "uydurma" adlandırır.

2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olmuş N.Bəydəmirli vurğulayır ki, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə "qurban vermək" lazım gəldiyindən məhz onu seçiblər. Bu səbəbdən o, özünü "ekologiya məhbusu" adlandırır.

Xatırlatma

2023-cü ilin iyununda Söyüdlü sakinləri ərazidəki qızıl zavodunun tullantı sularının kənddəki gölü zəhərlədiyini və bunun sağlamlığa ciddi mənfi təsir göstərdiyini bildirərək etiraz aksiyası keçirmişdilər. Hadisələr zamanı və sonradan saxlanılan 8 nəfərə 20 günlük inzibati cəza verilib, 4 kənd sakini isə narkotik ittihamı ilə həbsxanaya göndərilib.

Həmin qızıl zavodunun işi müvəqqəti dayandırılsa da, sonradan rəsmi komissiya yenidənqurma və modernləşdirilmə ilə bağlı müəyyən tövsiyələr verməklə müəssisənin fəaliyyətinin bərpasını mümkün sayıb. Zavodun istismarçısı olan "Anglo Asian Mining" şirkətinin qarşısında yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi və sosial layihələrin icrası kimi tələblər də qoyulurdu.

Müəssisənin son durumu ilə bağlı yaxın tarixdə ictimaiyyətə hər hansı açıqlama verilməyib.