Nazarbayev partiya liderliyindən gedir

Qasım-Jomart Toqayev (solda) və Nursultan Nazarbayev, arxiv fotosu

Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hakim Nur-Otan partiyasının liderliyindən getmək qərarına gəlib. Bu addımın indiki prezident Qasım-Jomart Toqayevin mövqeyini möhkəmləndirəcəyi gözlənir.

Ölkədə siyasi proseslərə təsir göstərməkdə davam edən 81 yaşlı Nazarbayevin qərarını noyabrın 23-də onun sözçüsü elan edib.

“Nur-Otanın Siyasi Şurasının geniş iclasında Nursultan Nazarbayev partiya sədrinin vəzifəsindən imtina qərarını açıqlayıb, partiyanın ölkə prezidenti tərəfindən idarə edilməli olduğunu deyib. Sədrliyin ötürülməsi prosesi partiya nizamnaməsinə uyğun aparılacaq”, – sözçü Aydos Ukibay Twitter-də yazıb.

Nazarbayev 1991-ci ildən ölkəni sərt şəkildə idarə edib, 2019-cu ilin martında isə istefasını açıqlayıb. Toqayevi o özü varis seçib.

Nazarbayev ölkədə ciddi nüfuzu var, elbaşı – millətin lideri kimi məhdudiyyətsiz hakimiyyətdən istifadə edib.

Toqayevin hakimiyyəti dövründə Qazaxıstanda ifadə azadlığına, müxalifət üzvlərinə təzyiq davam edib.