Naxçıvanda Vasif Talıbovun muxtar respublikanın Ali Məclisinin sədri olduğu dövrdə imzaladığı 40-dan çox fərman ləğv edilib.
Bu barədə Naxçıvan MR Ali Məclisinin mətbu orqanı "Şərq Qapısı" qəzeti xəbər yayıb
Xəbərdə bildirilir ki, MR-nin baş naziri Cabbar Musayev Talıbovun dövründə verilmiş bəzi fərmanların dəyişdirilməsi və bir sıra sənədlərin ləğvi barədə qərar imzalayıb.
Söhbət humanitar, tikinti, vergi, ekologiya, milli təhlükəsizlik və bir çox digər sahələri əhatə edən fərmanlardan gedir.
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan MR 1924-cü ildə yaradılıb. Ölkənin əsas hissəsi ilə quru sərhədi olmayan muxtar respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən V.Talıbov 2022-ci ildə istefaya göndərilib və bu hadisə bölgədə köklü dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Ardınca muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Elə Naxçıvan MR-nin Bakıdakı Daimi Nümayəndəliyinin də 20 gün əvvəl — noyabrın 5-də ləğv olunduğu açıqlanıb. Qərarın dəqiq səbəbləri bəlli deyil. Nümayəndəlik 1992-ci il fevralın 24-də MR Ali Məclisinin qərarı ilə yaradılmışdı.
Son illər Naxçıvan MR Konstitusiyasına edilən bir sıra dəyişikliklərlə mərkəzi hakimiyyətin (Bakının) muxtar respublika üzərindəki nəzarəti və idarəçiliyi xeyli gücləndirilib. Həmin konstitusiya dəyişiklikləri regional idarəetmənin birbaşa mərkəzə bağlanmasını təmin edib. Ekspertlərin fikrincə, bir sıra fərmanların ləğvi də məhz bu prosesdən irəli gəlir.