Bu gün, iyulun 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində 17 nəfərin qidadan zəhərləndiyi bildirilir.
AZƏRTAC-ın xəbərinə görə, muxtar respublikada Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olub.
Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva deməsinə görə, xəstələrin vəziyyəti orta ağır, iki xəstənin vəziyyəti isə ağır qiymətləndirilib. Doqquz xəstə azyaşlı olub.
O əlavə edib ki, aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıblar.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, təxirəsalınmaz tədbirlər həyata keçirilib, məhsullarından şübhə edilən bir dönərxananın fəaliyyəti dayandırılıb.
Qurumdan vurğulanıb ki, hadisə mövsümlə də əlaqədar ola bilər, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə də: "Hazırda bu istiqamətdə araşdırma davam etdirilir, ət, sous, ketçup və mayonezlərdən nümunələr seçilərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub".
Məsələyə fəaliyyəti dayandırılan dönərxananın sahibindən münasibət almaq mümkün olmayıb.
Son vaxtlar Azərbaycanda belə oxşar hadisələr vaxtaşırı baş verməkdədir.
Amma ölkədə qida zəhərlənməsi ilə bağlı mərkəzləşmiş qaydada detallı rəsmi statistika açıqlanmır. Ekspertlər qida zəhərlənməsini, əsasən, əhalinin maddi durumu və keyfiyyətsiz ərzağın süfrələrə yol tapması ilə izah edirlər.