Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Müəllimlər İnstitutu

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı bu gün, sentyabrın 21-də müvafiq qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir. İnstitutun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.

Hələlik qərara Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Bəzi tələbələr isə bu addımı şərh etmək üçün hələ tez olduğunu bildiriblər.

Qərarda bunun səbəbi yalnız Naxçıvan Dövlət Universitetinin yenidən təşkili ilə izah edilib.

Naxçıvan Müəllimlər İnstitutu prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı kimi yaradılıb. Müəssisəyə müstəqil ali məktəb statusu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli qərarı ilə verilib.

Son illər Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi səbəbindən şagirdlərin sayında da azalma müşahidə olunur. Bu proseslə paralel olaraq ölkədə orta məktəblərin, o cümlədən internat məktəblərinin sayı da azalmaqdadır. Mövcud tendensiya həm şagird sayının azalması, həm də dövlətin optimallaşdırma siyasəti ilə izah edilir. Bir sıra ekspertlər yaxın illərdə Azərbaycanda ali məktəblərin sayında da azalma baş verəcəyini ehtimal edirdilər.

Buna qədər Azərbaycanda dövlət və özəl ali məktəblərin sayı 51 olub.