Naxçıvan Muxtar Respublikasındakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
"Naxçıvan xəbərləri" məlumat verir ki, hadisə sentyabrın 4-dən 5-nə keçən gecə baş verib.
Məlumatda hadisənin Şahbuz rayonu ərazisində qeydə alındığı bildirilir.
Vurğulanır ki, istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan birinin isə xəstəxanaya aparılarkən yolda vəfat etdiyi qeyd olunur. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Onların arasında da xəsarət alanların olduğu deyilir.
Məsələyə zərərçəkənlərin yaxınılarından, həmin istirahət mərkəzinin məsul şəxslərindən və muxtar respublikanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bu, Azərbaycandakı istirahət mərkəzlərində insan ölümü ilə nəticələnən ilk bədbəxt hadisə deyil. Elə bu yaxınlarda Bakıda Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzinin birində elektrik vurması üzündən bir nəfərin öldüyü bildirilirdi.
2014-cü il mayın 23-də isə Qobustan rayonundakı istirahət mərkəzlərinin birində müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşmışdı. Nəticədə maşında olan 10 yaşlı qız vəfat etmişdi.
Cəmiyyətdə tez-tez istirahət mərkəzlərində təhlükəsizlik məsələləri gündəmə gəlsə də, orada baş verən ölüm hallarının ayrıca statistikası açıqlanmayıb.