Naxçıvanda Duz Muzeyi ləğv edilib

Duz Muzeyi

Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində olan Duz Muzeyi ləğv edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan MR Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli bildirib. Onun sözlərinə görə, 2023-cü ildə "Duzdağ" otelinin balanssaxlayıcısı dəyişdiyindən muzey oradan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb: "Muzeydə olan 138 ədəd eksponatın böyük hissəsi duz materialından hazırlanıb. Muzeyin eksponatları Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və orada yaradılacaq guşədə nümayiş etdiriləcək. Naxçıvan Dövlət Tarix Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, yeraltı və yerüstü sərvətlərinin nümayiş edildiyi, həmçinin daha çox ziyarətçilərin gəldiyi muzeydir. Bu səbəbdən ləğv edilmiş Naxçıvan Duz Muzeyinin fondunda olan eksponatların muzeyin fonduna verilməsi qərara alınıb".

Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il sentyabrın 12-də verdiyi sərəncamı ilə yaradılıb. 2018-ci ilin aprelində açılışı olmuşdu.

Duz istehsalı da dayandırılıb

Bundan əvvəl, oktyabrda Naxçıvan (MR) İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırmanın dayandırıldığı açıqlanmışdı. Nazirliyə istinadla yerli saytlarda yayılan məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkili məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.

Bundan sonra həmin müəssisədə çalışdıqlarını bildirən bəzi şəxslər işsiz qalmalarından şikayətlənmişdilər. Onlar iddia edirdilər ki, müəssisə əl dəyişir və bunun da ziyanını onlar çəkirlər.