Naxçıvana ayrılan dotasiya azaldılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvanın idarəçiliyi tam olaraq Bakının nəzarətinə keçir? 'Bu, hakimiyyətə lazımdır' (Arxiv videosu)

2027-ci ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının (MR) büdcəsinə 198 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Bu göstərici "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. 2026-cı ilin dövlət büdcəsində bu məbləğ 211 milyon 628 min manat müəyyən edilmişdi. Beləliklə, gələn il dotasiyanın 13 milyon 628 min manat və ya 6.4 faiz azaldılması planlaşdırılır.

Digər tərəfdən, 2026-cı ilin yanvar–sentyabr aylarında (9 ayda) Naxçıvan MR-də ümumi daxili məhsul (ÜDM) istehsalı 1 milyard 341 milyon 153 min 100 manat təşkil edib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.5 faiz çoxdur. Eyni zamanda, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi də 2025-ci ilin eyni dövrünə nisbətən 3.2 faiz artaraq 2 min 835.9 manata çatıb.

Ümumilikdə isə, 2027-ci ildə Azərbaycanın digər 67 şəhər və rayonunun yerli xərclərini ödəmək üçün dotasiya ayrılması planlaşdırılmır.

Gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir. Cari illə müqayisədə həm gəlirlərdə, həm də xərclərdə cüzi (2 faizdən də az) artım müşahidə olunur.

1924-cü ildə yaradılan Naxçıvan MR-in Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur; muxtar respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.