Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edilib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi

Naxçıvan Muxtar Respublikasının (MR) Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv olunub. Bu barədə muxtar respublika Ali Məclisinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin saytı məlumat yayıb. Məlumata görə, bununla bağlı müvafiq qərar imzalansa da, detallar açıqlanmır.

Qərara əsasən, Naxçıvan MR İqtisadiyyat Nazirliyi daimi nümayəndəliyin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə ləğvetmə komissiyası yaratmalıdır. Qərar noyabrın 5-də imzalanıb və elə imzalandığı gündən də qüvvəyə minib.

Bu ərəfədə Naxçıvan MR Konstitusiyasına edilən bir sıra dəyişikliklərlə mərkəzi hakimiyyətin (Bakının) muxtar respublika üzərindəki nəzarəti və idarəçiliyi əhəmiyyətli dərəcədə gücləndirilib. Həmin konstitusiya dəyişiklikləri regional idarəetmənin birbaşa mərkəzə bağlanmasını təmin edib.

Bakı şəhərindəki bu Daimi Nümayəndəlik 1992-ci il fevralın 24-də MR Ali Məclisinin qərarı ilə yaradılmışdı. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Bakı arasında gündəlik, hərtərəfli və operativ əlaqələrin qurulmasında mühüm rol oynamalı idi.

Xatırlatma

1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə - 2022-ci ildə istefaya göndərilib. Bu hadisə muxtar respublikada ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Daha sonra muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.

Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Naxçıvan Türkiyə, Ermənistan və İranla həmsərhəddir.