'Naxçıvan Aqroservis'in sədri həbs edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Korrupsiyadan danışana təzyiq qadağan edildi, bəs kim inanacaq? (Arxiv videosu)

"Naxçıvan Aqroservis" ASC-nin sədri həbs olunub. Bu barədə məlumatı oktyabrın 22-si günün ikinci yarısında Naxçıvan MR-in bəzi media orqanları yayıb.

Məlumata görə, dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılan İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Müstəntiqin vəsatəti və prokurorun təqdimatı ilə Naxçıvan şəhər Məhkəməsi C.Ağaməliyev barəsində 4 aylıq həbs qərarı verib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumun rəhbəri dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Naxçıvan Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb.

Hələlik ittihama və məhkəmə qərarına müdafiə tərəfinin mövqeyini öyrənmək mümkün olmayıb.

Bu ittihamla şəxsi 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Xatırlatma

1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 2022-ci ildəki istefası muxtar respublikada dəyişikliklərə səbəb olmuşdu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev bura səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini göndərdi və ardınca bir çox rəsmi şəxs mənimsəmə ittihamı ilə istintaqa cəlb edildi.

Ötən il F.Nəcəfli də işdən çıxarılaraq yerinə MR baş naziri Ceyhun Cəlilov təyin olunub.

1924-cü ildə yaradılan Naxçıvan MR-in Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur; o, Türkiyə, Ermənistan və İranla həmsərhəddir.