Navalnı Arktikada həbsxanaya çatdığını təsdiqləyib

Aleksey Navalnı

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı Arktikada həbsxanaya çatıb və əhvalı yaxşıdır. Dekabrın 26-da X sosial platformasında Navalnıya məxsus hesabda bu haqda bir neçə post paylaşılıb. Onun köməkçiləri və tərəfdarları iki həftədən çox idi ondan xəbər tuta bilmədiklərini deyirdilər. Korrupsiya ilə mübarizə aparan müxalifətçi dekabrın əvvəlində Moskvadan 240 km şərdə yerləşən həbsxanadan aparılmışdı.

Navalnı avqustda ekstremizm ittihamları ilə 19 il həbsə məhkum edilib. Daha öncə isə dələduzluq ittihamları ilə məhkum olunmuşdu. Özü və tərəfdarları isə ittihamları siyasi motivli sayır.

"Təcridin mümkün ən yüksək səviyyəsi"

Dekabrın 25-də Navalnının sözçüsü Kira Yarmış X platformasında yazıb ki, Navalnı tapılıb, Yamalo-Nenets Muxtar Dairəsindəki Xarp qəsəbəsində 3 saylı cəzaçəkmə müəssisəsində saxlanır. "Aleksey yaxşıdır", - Yarmış yazıb.

"Bu koloniyaya gedib çıxmaq, demək olar, mümkün deyil; oraya məktub göndərmək, demək olar, mümkün deyil. Bu, dünyadan təcridin mümkün ən yüksək səviyyəsidir, elə məsələnin məğzi də bundadır", - Navalnının baş strateqiki Leonid Volkov sosial mediada yazıb.

Çağırışlar

47 yaşlı Navalnı 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən saxlanılıb. O, Berlində zəhərlənmədən müalicə alırdı, Rusiyada baş verən hadisəni xüsusi əməliyyatçıların avtoritar prezident Vladimir Putinin göstərişi ilə həyata keçirdiyini deyirdi.

Birləşmiş Ştatlar dekabrın 25-də Kremlin tənqidçisinin yerinin müəyyənləşməsini alqışlayıb, amma onun təhlükəsizliyi və saxlanma şəraitindən "dərin" narahatlıq bildirib.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç X platformasında yazıb ki, Navalnı sarıdan ciddi narahatlığı var, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq onu azad etməyə çağırıb.

Navalnı indiyədək Vladimir vilayətində cəza çəkirdi.

"Amnesty International" Navalnını vicdan məhbusu, Rusiyada qadağan olunmuş "Memorial" insan haqları qrupu isə siyasi məhbus elan edib.