NATO-nun yeni hesabatına görə, bu il alyansa üzv bütün dövlətlər ÜDM-in 2 faizi həcmində uzun müddətdir mövcud olan müdafiə xərcləri hədəfinə çatıb. Lakin hazırda NATO-nun yeni hədəfini - 3.5 faizi - yalnız üç ölkə yerinə yetirir.
Hesabata görə, İspaniya, İtaliya və Belçika kimi əvvəllər hərbi xərclərlə bağlı geridə qalmış NATO ölkələri də hazırda müdafiə xərclərini 2014-cü ildə Uelsdə keçirilən NATO sammitində razılaşdırılan səviyyəyə (2 faiz) çatdırıb.
Alyans üzvləri Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən və ABŞ prezidenti Donald Trampın Avropa müttəfiqlərinin öz müdafiələrinə daha çox sərmayə qoyması tələbindən sonra hərbi xərcləri əhəmiyyətli dərəcədə artırıb.
Hazırda yalnız üç NATO üzvü iyunda Haaqada razılaşdırılmış ÜDM-in 3.5 faizlik yeni hədəfinə çatıb. Bu ölkələr Polşa (4.48 faiz), Litva (4 faiz) və Latviyadır (3.73 faiz).
ABŞ isə bu il ÜDM-in 3.22 faizini müdafiəyə xərcləmək niyyətindədir.
NATO üzvləri 2014-cü ildə ÜDM-in ən azı 2 faizini müdafiəyə xərcləmək barədə razılığa gəliblər. İllər ərzində çoxları bu vədi yerinə yetirə bilməyib. Lakin alyans bildirib ki, 2025-ci ildə bütün 32 üzv hədəfə cavab verəcək, yeddi ölkə minimum hədd olan 2 faizi, digərləri isə bir qədər yuxarı vəsait xərcləyəcək.
İyunda Haaqada keçirilən NATO sammitində razılaşdırılmış yeni hədəf ÜDM-in 3.5 faizi olsa da, liderlər 2035-ci ilə qədər buna çatmağı öhdələrinə götürüblər. Həmin sammitdə ümumilikdə ÜDM-in 5 faizini müdafiə və təhlükəsizliklə bağlı investisiyalara sərf etmək kimi daha geniş bir hədəf də müəyyən edilib. NATO bildirib ki, bu xərclərə kibertəhlükəsizlik və ağır hərbi texnikanı daşımaq üçün yolların və limanların modernləşdirilməsi daxildir.