NATO Avropadakı üzvlərindən yerüstü hava hücumundan müdafiə qüvvələrinin imkanlarını beş dəfə artırmağı istəyir. Bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilib ki, hərbi alyans Rusiyanın təcavüz təhdidinə cavab olaraq əsas boşluğu doldurmağa çalışır.
Hava hücumundan müdafiə ilə bağlı məsələlər NATO müdafiə nazirlərinin iyunun 5-də Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq. "Bloomberg"in mənbələri bildirir ki, müzakirələr, hələlik, bağlı qapılar arxasında aparılır.
Mənbələrin məlumatına görə, NATO-nun planına əsasən, hava hücumundan müdafiə vasitələrinin potensialının beş dəfə artırılması Avropadakı üzv ölkələr üçün kollektiv hədəf olacaq. Fərdi səviyyələr (ölkələr üzrə) isə, ehtimal ki, fərqlənəcək. Bu hədəfə nail olmaq üçün konkret müddət barədə heç bir məlumat verilməyib.
Bu həftə NATO ölkələrinin müdafiə nazirləri Avropa və Kanadanın yenidən silahlanması və ABŞ-nin müdafiə sistemlərindən asılılığın azaldılması səyləri çərçivəsində Soyuq müharibə dövründən bəri ən iddialı öhdəliklərdən birini - silah ehtiyatlarının artırılmasını təsdiqləməyə hazırlaşırlar. "Bloomberg" yazıb ki, cümə axşamı - iyunun 5-də Brüsseldə keçiriləcək görüş həm də iyunun 24-25 tarixlərində Haaqada baş tutacaq NATO sammitinə hazırlıq məqsədi daşıyır.