NATO bu il Ukraynaya 70 milyard avro ayırmağı öhdəsinə götürdü

Ankarada NATO sammiti

Ankara sammitində NATO liderləri 2026-cı ildə Ukraynaya hərbi yardım və təlimlər üçün 70 milyard avro ayrılacağını bəyan ediblər. Bu öhdəlik sammitin yekun bəyannaməsində rəsmən təsbit olunub.

Sənəddə Ukraynanın Avro-Atlantik təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanır, müttəfiqlərin isə ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyünə "sarsılmaz" dəstəyi ifadə olunur. Eyni zamanda, NATO ölkələri 2027-ci ildə də Kiyevə hərbi yardımı ən azı indiki səviyyədə saxlamaq niyyətindədirlər.

Bəyannaməyə görə, Kiyevə hərbi dəstəyin əsas maliyyə yükünü artıq avropalı müttəfiqlər və Kanada qarşılayır. Alyans həmçinin Avropa İttifaqının "Ukraine Support Loan" mexanizmi vasitəsilə Ukraynaya çoxillik maliyyə dəstəyi vermək qərarını alqışlayıb.

Sammit iştirakçıları bir daha bəyan ediblər ki, Rusiya Avro-Atlantik təhlükəsizlik üçün uzunmüddətli təhdiddir.

NATO liderləri ümumi dəyəri 50 milyard dollardan çox olan yeni hərbi satınalma proqramını da elan ediblər. Tərəflər birgə silah istehsalını genişləndirmək, habelə raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və süni intellekt kimi müasir hərbi texnologiyaların inkişafını sürətləndirmək barədə razılığa gəliblər.