NATO-nun baş katibi Yens Stoltenberq Norveç Mərkəzi Bankının rəhbəri seçilib.
NATO-dakı səlahiyyət müddəti bitəndən sonra onun yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir.
“Norveç Mərkəzi Bankı adından Yens Stoltenberq-i Norveç Bankına rəhbər seçilməsi münasibətilə təbrik etmək istərdim. Mən cənab Stoltenberqi maraqlı və bacarıqlı iqtisadçı kimi tanıyıram. Əminəm ki, o, öz təcrübəsi ilə bu rolun öhdəsindən uğurla gələcək”, - deyə hazırkı icraçı direktor Oystein Olsen bildirib.
Oystein Olsen, fevralda illik müraciətindən sonra istefa verməyi planlaşdırır. O, 2011-ci ildən bu vəzifədədir.
Stoltenberq isə NATO-dakı işinə görə 2022-ci ilin dekabrına kimi vəzifəsinin icrasına başlaya bilməyəcək.
Martın 1-dən Stoltenberqin yeni işə keçidinə qədər bankı Olsenin müavini İda Valden Bax idarə edəcək.
Skandinaviya ölkəsinin keçmiş baş naziri Stoltenberq 2014-cü ildə NATO-nun rəhbəri vəzifəsinə keçib. O, hazırda Rusiya və Ukrayna arasında münaqişənin qarşısının alınması üçün diplomatik səylərdə aparıcı rol oynayır.
Norveç Mərkəzi Bankında o, faiz dərəcələrinin və maliyyə sabitliyinin müəyyən edilməsinə cavabdeh olacaq, həmçinin təxminən 1,4 trilyon dollar aktivləri olan dünyanın ən böyük fondu olan Norveçin suveren sərvət fonduna nəzarət edəcək.
Stoltenberq ailəsi iki əsrdən çoxdur ki, Norveçin hakim elitasına mənsubdur: tacir və gəmi sahibi Karl Peter Stoltenberq 19-cu əsrin əvvəllərində Norveç parlamentinin üzvü olub.
Siyasətçinin atası Torvald Stoltenberq Fəhlə Partiyasının tanınmış simalarından olub, səfir, müdafiə naziri və xarici işlər naziri işləyib, anası Karin Stoltenberq isə 1980-ci illərdə bir sıra hökumətlərdə dövlət katibi olub.