Natalia Poklonskaya-nın bütün evləri və soyadları

Natalya Poklonskaya

Krımın keçmiş prokuroru Natalia Poklonskaya deputat kürsüsünü əldə edəndən sonra deputatların gəlirləri komissiyasının sədri olub. Onun bu vəzifədə əsas işi parlamentin aşağı palatasının üzvlərinin gəlir bəyannamələrinin reallığa maksimum cavab verməsinə nəzarətdir.

«QARDEROBUMU DA GÖSTƏRƏRƏM»

Mayda Poklonskaya Aleksei Navalny-nın Korrupsiya ilə Mübarizə Fondu və «Transparency International»ın Rusiya şöbəsində yoxlama aparılmasını təklif etmişdi.

Elə həmin gün Rusiya «Transparency International»ının direktor müavini Ilya Shumanov Facebook-da ona cavab vermişdi:

«Bir azca dincəlmək istəyirdim, ancaq indi bunun yerinə madam keçmiş prokuror barədə araşdırma aparmalı olacağam».

Növbəti gün Poklonskaya Twitter-də öz səs yazısını paylaşmaqla müzakirəni davam etdirib.

«Məmnuniyyətlə harada və necə yaşadığımı göstərərəm. Hətta öz qarderobumu da göstərərəm. Təəssüf ki, göstərməyə başqa heç nə yoxdur», – o deyib.

Buna cavab olaraq, «Yabloko» Partiyası Poklonskaya-nın gəlir bəyannaməsinin yoxlanmasını tələb edib.

DUBROVSKAYA

İyunun 7-də «Transparency International», söz verdiyi kimi, apardığı araşdırmanın nəticələrini yayıb. Təşkilat bildirib ki, Krımın keçmiş prokurorunun Donetskdə bəyan edilməmiş mənzili ola bilər. Həmin mənzilin başqasının adına qeyd edildiyi, ancaq əslində, Poklonskaya-ya məxsus olduğu deyilir.

Növbəti gün Poklonskaya Baş Prokurorluq, İstintaq Komitəsi və FSB-yə müraciət edərək «Transparency International – Rusiya» təşkilatının «cinayət tərkibi» əlamətlərinə görə Cinayət Məcəlləsinin 4 maddəsi üzrə yoxlanmasını tələb edib.

Keçmiş prokuror əmindir ki, həmin məqalədə «təxribat və iftira» xarakterli məlumat yer alıb.

«Transparency International»ın araşdırmasında deyilir ki, N.Poklonskaya-nın soyadı Dubrovskaya ola bilər. Onun doğulduğu qəsəbədə doğum günü, adı və atasının adı onunla eyni, lakin soyadı Dubrovskaya olan bir şəxs qeydiyyatdadır. Poklonskaya-nın qızının VKontakte sosial şəbəkəsindəki hesabındakı soyadı da Dubrovskaya-dır.

Natalia Poklonskaya

BÜDCƏYƏ MƏXSUS 12 MİLYON RUBLU VAR

Dərc edilmiş məlumatlardan görünür ki, Poklonskaya-Dubrovskaya-nın Donetskdə bəyan edilməmiş mənzili var. O bu mənzili sata bilmir, çünki Ukraynada barəsində cinayət işi qaldırılıb. Bundan başqa, onun Krımda xidməti mənzili və deputat olandan sonra dövlətə qaytarmadığı, büdcəyə məxsus 12 milyon rublu var. Deputat olduğuna görə isə ona Moskvada Ulof Palme küçəsində başqa bir xidməti mənzil verilib.

Ukrayna Baş Prokurorluğunun müstəntiqi Andriy Atamanchuk deyir ki, Ukrayna hüquq-mühafizə orqanlarının Poklonskaya-ya qarşı iqtisadi maddələr üzrə iddiası yoxdur. Onun sözlərinə görə, istintaq Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən «vətənə xəyanət» və «cinayətkar dəstədə iştirak» maddələri üzrə aparılır.

Atamanchuk Poklonskaya-nın əvvəllər Dubrovskaya soyadını daşıdığını təsdiqləyib.

Poklonskaya universiteti bitirəndən dərhal sonra prokurorluqda işə düzəlib.

Avromaydan hərəkatına qarşı kəskin çıxışları ilə tanınan Poklonskaya inqilab qalib gələndən sonra «etiraz əlaməti olaraq» hüquq-mühafizə orqanlarından istefa verib. Krım hadisələrində fəal şəkildə rusiyayönümlü qurumlara kömək edib. 2014-cün ildə isə Vladimir Putin-in fərmanıyla prokuror təyin edilib.

KRIM TATARLARINI ÖZÜNƏ DÜŞMƏN SEÇİB

Vəzifəyə gələr-gəlməz, Poklonskaya Krım tatarlarını özünün əsas düşməni seçib. Krım tatar xalqının məclisinin rəhbəri Rifat Chubarov-u təqib etməyə başlayıb. Məclisin özü isə ekstremist təşkilat elan edilib.

2016-cı ildə Poklonskaya Dumaya seçilmək qərarına gəlib. O, öz seçki kampaniyasını müharibə və vətənpərvərlik üzərində qurub.

Bir dəfə Poklonskaya radio müsahibəsində Griboyedov-un «Ağıldan bəla» əsərinin qəhrəmanının sözlərini Suvorov-a aid edib. Bundan sonra Dövlət Dumasındakı həmkarları ona, hətta danışmağı çox istəsə belə, arabir susmağı məsləhət görüblər.

N.Poklonskaya Rusiya vətəndaşlığının verilməsi prosedurlarının sadələşdirilməsi haqda qanun layihəsinin müəlliflərindən biridir. Bu qanun layihəsi Rusiyaya yeni – «torpaq hüququ» (jus soli) əsasında vətəndaşlığın alınması anlayışını gətirib.