Azərbaycana narkotikləri uçuş aparatı vasitəsilə keçirməyə cəhd göstərən İran vətəndaşının həbs edildiyi bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Əməliyyatın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ilə birgə keçirildiyi bildirilir.
Məlumata görə, Füzuli rayonu Qarabağlı kəndi ərazisində keçirilən tədbirlərlə bir İran vətəndaşı narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.
Ondan 35 kiloqram narkotik maddə və 360 psixotrop tərkibli həb aşkarlandığı vurğulanır:
“Saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri,... əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.”
Həmin şəxsin həbs edildiyi bildirilir.
Amma rəsmi açıqlamaya, hələlik, orada adı çəkilən İran vətəndaşı və onun vəkilindən münasibət almaq mümkün olmayıb.
İttiham təsdiqini taparsa Azərbaycanda ona 10 ilə qədər həbs cəzası verilə bilər.