2026-cı ilin yanvar-fevralında Azərbaycanda hüquq-mühafizə orqanlarının narkotiklərlə bağlı aşkarladığı faktlar artıb, tutulanlar isə azalıb.
Bununla bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında bildirilir.
Vurğulandığına görə, bu ilin yanvar-fevralında narkotiklər və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1765 cinayət faktı aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 244 fakt çoxdur.
Rəsmi məlumata görə, qanunsuz dövriyyədən ümumilikdə 2 tona yaxın narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Ümumilikdə onların dəyəri 47milyon 855 min manat qiymətləndirilir.
Bildirilir, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilib: "Narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6,.. məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16 nəfər azalıb".
Xatırlatma
Azərbaycanda narkotiklərin saxlanması və satışı ilə bağlı cinayət işlərinə görə bir çox hallarda müxtəlif şikayətlər eşidilir. Bir qisim şikayətlərə görə, belə cinayətlərdə, əsasən, "kuryerlər" məsuliyyətə cəlb edilirlər, əsas təşkilatçılar məsuliyyətdən yayına bilirlər.
Başqa bir qisim şikayətlərə görə isə, bəzən belə ittihamlardan siyasi məqsədlər üçün də istifadə edilirlər, ictimai, inanclı fəallar narkotik ittihamı ilə şərlənirlər.
Lakin hüquq-mühafizə orqanları belə şikayətləri əsassız sayırlar.