Fevralın 9-da keçirilən son parlament seçkisindən sonra deputat olan Emin Hacıyevin keçmiş rəqibi ondan məhkəməyə şikayət göndərib. 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədlərdən Mehriban Mirzəliyeva iddia edir ki, E.Hacıyev Rusiya vətəndaşıdır və bu ölkə qarşısında öhdəliyi var.
Martın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb. M.Mirzəliyeva Mərkəzi Seçki Komissiyasından (MSK-dan) narazıdır. Deyir ki, MSK bu məsələyə ciddi yanaşmayıb və E.Hacıyevin 2007-ci ildən 2020-ci ilədək Rusiyadakı fəaliyyətini, onun ikili vətəndaşlığını araşdırmayıb.
Məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyi həm ikili vətəndaşlığı, həm də başqa ölkənin vətəndaşının burada deputat olmasını yasaqlayır.
Buna da bax: 'Fu Məzi' şüarı yazan gənc: 'Bölmədə üstümə 20 nəfər tökülmüşdü...'
«Konstitusiya Məhkəməsinin qərarları… icra olunmalıdır»
MSK nümayəndəsi məhkəməyə gəlməyib. M.Mirzəliyeva məhkəmədən xahiş edib ki, MSK-nın üzərinə E.Hacıyevin vətəndaşlığı məsələsini araşdırmaq öhdəliyi qoyulsun.
Hakim Fərmayıl Zeynallı onun şikayətinin mümkün sayılmamasına qərar verib və bunu belə əsaslandırıb ki, Konstitusiya Məhkəməsi artıq parlament seçkilərinin nəticələrini təsdiqləyib: «Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır».
Buna da bax: Bəxtiyar Hacıyev: 'Ali Məhkəmə İlham Əliyevin qərarını elan elədi'
Seçkidən öncə də şikayət verilibmiş?
O da məlum olub ki, M.Mirzəliyeva bundan öncə də eyni məsələ ilə əlaqədar məhkəməyə şikayət edərək, deputatın Rusiya vətəndaşı olub-olmamasının araşdırılmasını istəyib. Ancaq Sumqayıt şəhər Məhkəməsi martın 13-də qərardad çıxararaq, onun şikayətini araşdırmaqdan boyun qaçırıb.
43 saylı Sumqayıt üçüncü seçki dairəsindən başqa bir namizəd Cavidan Aslanov da E.Hacıyevin Rusiya vətəndaşı olduğunu iddia edərək, bunun araşdırılmasından ötrü MSK-ya şikayət veribmiş. Ancaq onun şikayəti də təmin edilməyib. MSK-nın bu haqda qərarında deyilir ki, E.Hacıyev seçki komissiyasına təqdim etdiyi öhdəlik ərizəsində ikili vətəndaşlığının və başqa dövlət qarşısında öhdəliyinin olmadığını göstərib. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu verilib: «İddia edilən bu hal nazirlik tərəfindən təsdiqlənməyib».
Deputat E.Hacıyev seçkidə YAP-ın namizədi olub. O, həm də gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin qardaşıdır.