Namizəd Səfərov: 'Xırda sübutunuz olsaydı, deməyə sözüm olmazdı'

Sizin brauzer HTML5-i dəstəkləmir

Namizəd Səfərova 8 il həbs istənilir: 'İnanmıram ədalətli qərar çıxsın' (Arxiv videosu)

Vəkillər Kollegiyasının keçmiş üzvü, son dövrlərdə siyasi fəaliyyətlə məşğul olan hüquqşünas Namizəd Səfərova 7 il həbs cəzası kəsilib. Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə çıxarılan qərara əsasən, N.Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi üzrə təqsirli bilinib. İttihama görə, o, Günel Əfəndiyeva adlı qadını işə düzəltmək vədi ilə aldadaraq ondan 53 min manat pul alıb.

72 yaşlı hüquqşünas bu ittihamı "gülünc" adlandırıb. Hökmdən öncəki son sözündə də bildirib ki, aylardır davam edən məhkəmə boyu heç olmasa bircə şahid və ya tutarlı sübut ortaya qoyulsaydı, istənilən cəzanı çəkməyə razı olardı: "Xırda da olsa, nəsə sübutunuz olsaydı, deməyə sözüm olmazdı. Zərərçəkmiş kimi təqdim olunan o qadını güc-bəla ilə cəmi iki dəfə məhkəməyə gətirdiniz. O da yalnız məcburi gətirilmə qərarı gündəmə gələndən sonra baş tutdu. Halbuki pulu əlindən gedən adam qapını dağıdardı. Mən təqsirsizliyimi sübuta yetirməyə borclu deyiləm, siz mənim günahkar olduğumu isbatlamalısınız. Amma söhbət ədalətli məhkəmədən gedir, sizdən yox...".

Vəkil: "Səfərov həmin tarixlərdə Bakıda olmayıb"

Hüquqşünasın vəkili Fəxrəddin Mehdiyev də cinayət işinin materiallarının N.Səfərovun günahsızlığını təsdiqlədiyini vurğulayıb. Müdafiəçinin sözlərinə görə, zərərçəkmiş Əfəndiyeva ibtidai istintaqda pulu dekabrın 8-də, məhkəmədə isə dekabrın 6-da görüşərək verdiyini iddia edib. Tarixlər arasındakı bu ziddiyyət bir yana, N.Səfərov nə ayın 6-da, nə də 8-də ümumiyyətlə Bakıda olmayıb: "İddiaya görə, o, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasına gedərək orada belə bir şəxsin işləmədiyini öyrənib. Ardınca dərhal Namizəd Səfərovun ofisinə yollanıb və saat 12:20-də artıq orada olub. Onu yerində tapmayanda 12:30-da polisə şikayət ünvanlayıb, 12:40-da isə Namizəd Səfərovu saxlayıblar. Çox qısa müddətdə onun guya həqiqəti danışdığını müəyyənləşdirib, ekspertiza rəyi alıb, saat 16:40-da həbs qərarı çıxarıblar".

F.Mehdiyev ölkənin ictimai-siyasi həyatında iz qoymuş 72 yaşlı bir insana qarşı baş verənləri həm ağlamalı, həm də gülməli adlandırıb. Vəkil çıxışının sonunda müvəkkilinin günahsız olduğunu bildirərək ona bəraət verilməsini istəyib.

Lakin Mahirə Kərimova, Fəxri Məmmədov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası qısa müşavirədən sonra N.Səfərovun 7 il azadlıqdan məhrum olunması barədə hökmü elan edib.

Xatırlatma

N.Səfərov 2025-ci il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İttihamları qətiyyətlə rədd edən hüquqşünas məhz siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir: "Savadsız bir adamı harada işə düzəldəcəkdim? Özü də guya 53 min manat pul verib... Mən o qadını ümumiyyətlə tanımamışam. Ortada sübut kimi nə bir telefon zəngi var, nə də yazışma...".

Vaxtilə Milli Şuranın üzvü olmuş Səfərov 2020-ci ildə bu qurumdan istefa verib. O, son dövrlərdə xaricdəki mühacirlərin yaratdığı Azərbaycan Xalq Parlamentinin üzvü kimi fəaliyyət göstərirdi. Həmçinin müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb.

Hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir və həmin siyahıda yer alan şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirir.