Deputatın qardaşı oğlu azadlığa buraxılıb

Vahid Əhmədov

Deputat Vahid Əhmədovun həbsdə olan qardaşı oğlu Namiq Əhmədov martın 17-də məhkəmə zalından azadlığa buraxılıb. CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə suçlanan N.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu.

İttihama görə, Namiq Əhmədov adamlardan işə düzəltmək adı ilə pul alıb. Amma nə işə düzəldib, nə də pullarını qaytarıb. İş materiallarında onun adamlara ümumilikdə 30 min manat ziyan vurduğu göstərilib.

Buna da bax-'Deputatın qardaşı qızı' 32 min dolları qaytarmır

N.Əhmədovun yaxınları onun həbsindən sonra adamların pullarını qaytarıb. Rauf Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası ziyanın ödənilməsini əsas götürüb N.Əhmədova şərti cəza verib. Ona iki il sınaq müddəti ilə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

N.Əhmədov deputatın Rafiq adlı qardaşının oğludur. N.Əhmədovun bacısı Nigar Əhmədova da bir neçə ay öncə dələduzluqda suçlanaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il həbs cəzası alıb.