Müsavatçılarla polis arasında gərginlik…

Novxanıda polis

Oktyabrın 11-də Müsavat Partiyasının üzvləri Bakının Novxanı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət ediblər.

Bu gün, oktyabrın 11-də Müsavat Partiyasının yaranmasının 110 ili tamam olur. Müsavatçıların bildirməsinə görə, onlar tədbir zamanı çətinliklərlə üzləşiblər. Onların deməsinə görə, ziyarət zamanı ərazidə olan polis əməkdaşları tədbir iştirakçılarına tibbi maskadan istifadəni və 10 nəfərlik qruplarla hərəkət etməyin gərəkliyini bildirib. Partiyanın başqanı Arif Hacılı da bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargahının qərarına əsasən, açıq havada maskadan istifadə məcburi xarakter daşımır: "Polis əməkdaşları isə tələbin qanuna uyğun olduğunu və bizə yalnız bu şərtlərlə abidəni ziyarət etməyə icazə verəcəklərini bildirdilər...".

Sonunda iştirakçılara 10 nəfərlik qruplar şəkilində abidəni ziyarət etməyə icazə verildiyi, gərginlik nəticəsində isə saxlananın olmadığı bildirilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyasi ilə bağlı ötən ilin martından Azərbaycanda karantin rejimidir.

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, "İsmailiyyə" binasında keçirilib. 1918-1920-ci illər arasında mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin (M.Ə.Rəsulzadənin rəhbərliyi altında) əsas fraksiyası olub. 1920-ci ildə Azərbaycan işğal edildikdən sonra partiya bir müddət mühacirətdə fəaliyyət göstərib.

1993-cü ildə Bakıda yenidən onun bərpa edildiyi açıqlanıb.