Bir qrup keçmiş hərbi qulluqçu narazı qalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qul bazarı'na çıxan müharibə iştirakçısı (Video arxiv)

Bu gün, fevralın 8-də bir qrup keçmiş hərbi qulluqçu Prezident Administrasiyasının binasının yaxınlığına toplaşıb. Onlar veteran statusunun və medalların verilməməsindən narazılıq bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Prezident Administrasiyasının qarşısına Ali Baş Komandana məktub çatdırmağa gəliblər.

"Biz zabitik. Bizi veteranlıq hüququndan məhrum ediblər, heç bir ad, medal verməyiblər. Biz bu barədə Ali Baş Komandana dəfələrlə məktubda bildirmişik, onlar da Müdafiə Nazirliyinə yönləndirilib. Müdafiə Nazirliyi isə bizə şablon bir məktub göndərib. Ali Baş Komandan səslədi, biz hamımız səfərbər olduq, gəldik və qələbimizi çaldıq. İndiki zamanda hərbçiləri kənara atmaq çox pisdir", -şikayətçilərdən biri vurğulayıb.

Şikayətçilər qeyd edib ki, Müdafiə Nazirliyi bunu onların müharibə bitəndən sonra, yəni, 2020-ci ilin noyabrın 10-dan sonra həmin ərazilərə göndərilməsi ilə əsaslandırır: "Biz səfərbərliklə müharibəyə getmişik, sonra bizi toplanma məntəqəsində saxlayıblar, amma biz döyüş təminatında iştirak etmişik. Həmin ərazilərə dekabrın əvvəlində aparılsaq da, minalanmış ərazidə xidmət edirdik, diversiya qruplarına qarşı da mübarizəmiz oldu. 2021-ci ilin fevral-mart ayında isə evə göndərildik. İndi isə qalmışıq kənarda və veteranlıq statusundan məhrum olmuşuq".

Onların iddiasına görə, belə şəxslərin sayı çoxdur.

Daha sonra şikayətçilərin nümayəndəsi Prezident Administrasiyasına qəbula dəvət olunub. Aksiya insidentsiz başa çatıb.

Bu deyilənlər ilə bağlı Prezident Administrasiyası və Müdafiə Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb. Amma bundan əvvəl də bir qrup keçmiş hərbi qulluqçu eyni şikayətlə Bakıda toplaşmışdı. Onda Müdafiə Nazirliyinin təmsilçisi şikayətin araşdırılacağını bildirmişdi.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Həmin vaxt Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Birinci müharibədə isə Azərbaycan tərəfindən həlak olanların sayı 16 min civarında göstərilib.