Yaxın Şərqdəki müharibə son dörd ildə gübrə qiymətlərində ikinci artıma səbəb olub. Bu isə fermerləri çətin vəziyyətə salır. Hazırda taxılın ucuz olması isə daha dərin təchizat böhranının öhdəsindən gəlməyə imkan vermir. "Reuters" yazır ki, bir çox fermer əkin planlarını yenidən nəzərdən keçirir və bu, qlobal ərzaq istehsalına risk yaradır.
Yaxın Şərq gübrə istehsalının əsas mərkəzlərindən biridir. Qlobal gübrə ticarətinin böyük hissəsi Hörmüz boğazından keçir. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan bu boğazda nəqliyyat, demək olar ki, tamamilə dayanıb.
Qətərdən azot əsaslı gübrə olan karbamidin tədarükü dayandırılıb. Müxtəlif gübrələrin istehsalında istifadə olunan kükürd və ammonyak axınları da məhdudlaşdırılıb.
İndilik münaqişənin həlli görünmür. Təhlilçilər, treyderlər və istehsalçılar 2022-ci ili – Rusiyanın Ukraynaya qarşı işğala başladığı dönəmi xatırlayırlar. Ancaq bu dəfə durum daha pis ola bilər.
"2022-ci ildə gübrələrin böyük hissəsi nəhayət bazara çatırdı. İndi isə daha kəskin təchizat sıxıntısı müşahidə olunur", – Şimali Dakota Dövlət Universitetinin Kənd Təsərrüfatı Riskləri Siyasəti Mərkəzindən Şon Arita deyir.
Taxılın ucuzluğu problemi daha da dərinləşdirir
Müharibə başlayandan gübrə qiymətləri sürətlə artıb. Ən kəskin artım karbamiddə qeydə alınıb.
Bəzi ölkələrin ödədiyi bədəl də böyüyür. Dünyanın ən böyük düyü və ikinci ən böyük buğda istehsalçısı olan Hindistan bir idxal tenderi çərçivəsində rekord həcmdə karbamid alıb, bunun üçün iki ay əvvəlkindən iki dəfə çox pul ödəyib. Təhlilçilər belə qiymətlərin bir çox fermer üçün əlçatmaz olduğunu deyirlər.
Son illər bol məhsul səbəbindən taxıl və yağlı bitkilərin qiymətləri aşağıdır. Məsələn, Çikaqoda buğdanın qiyməti dörd il öncəkinin təxminən yarısı qədərdir. Bu o deməkdir ki, bu gün bir çox fermer gübrənin bahalaşmasını qarşılamaq iqtidarında deyil.
"Reuters" yazır ki, karbamid də daxil olmaqla, azot tərkibli gübrələr bir çox bitki növü üçün hər mövsüm mütəmadi olaraq tətbiq edilməlidir. Fermerlər fosfat və kalium kimi digər əsas qida maddələrinin istifadəsini azalda bilərlər. Bu, məhsuldarlığa dərhal ciddi təsir göstərməyə bilər, lakin… Çinin ixrac məhdudiyyətləri də nəzərə alınarsa, fosfat bazarında uzunmüddətli qıtlıq yarana bilər.
Münaqişə fonunda Yaxın Şərq, Hindistan, Banqladeş və Rusiyadakı zavodların dayanması səbəbindən karbamid istehsalı 2 milyon tondan çox azalıb. Bunu "Argus" məlumat şirkətindən Sara Marlou deyir.
Bununla yanaşı, gəmilərə yüklənmiş daha 1 milyon ton gübrə Fars körfəzindən çıxa bilmir.