ABŞ rəsmiləri hesab edir ki,Kaşıkçı şahzadə Salmanın göstərişi ilə öldürülüb

Mohammed bin Salman

ABŞ kəşfiyyatının rəsmiləri hesab edirlər ki, jurnalist Camal Kaşıkçı (Jamal Khashoggi) ötən ay Türkiyədə Səudiyyə kralının varisi, şahzadə Muhammad bin Salmanın göstərişi ilə öldürülüb.

Səudiyyə hökuməti öncə-noyabrın 17-də “Washington Post” un yaydığı bu məlumatı rədd edib, amma sonradan bu barədə AP və Reuters də daxil olmaqla digər kütləvi informasiya vasitələri (KİV) də məlumat yayıblar

Bu məlumat ABŞ Konqresini, Vaşinqtonun yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanını daha sərt cəzalandırmağa vadar edə bilər.

“Washington Post” bu məsələ ilə tanış olan şəxslərə istinadla yazıb ki, ABŞ xüsusi xidmətinin bu qənaəti, şahzadə Muhammad bin Salmanın qardaşı-bu ölkənin ABŞ-dakı səfiriKhaled bin Salmanla Kaşıkçı arasındakı telefon söhbətinə əsaslanır.

Amma səfir noyabrın 17-də özünün “Tvitter” səhifəsində belə bir söhbət olmadığını yazıb.

Səudiyyə prokurorluğu noyabrın 15-də bəyan edib ki, jurnalistin qətlində şübhəli bilinən 11 nəfərdən 5-nin ölümə məhkum edilməsinə çalışacaq.

Amma prokuror Shalaan al-Shalaan deyib ki, şahzadə Muhammad bin Salmanın bu qətlədən xəbəri olmayıb.

ABŞ administrasiyası bu məsələyə görə ötən həftə 17 Səudiyyə rəsmisinə qarşı sanksiya tətbiq edib.

Amma parlament üzvləri Səudiyyə Ərəbistanına qarşı daha sərt tədbirlər görülməsini təkid edirlər.

Buna da bax:Erdogan:Kaşıkçının qətli ilə bağlı audioyazını 5 ölkəyə vermişik.

Jamal Khashoggi

​Kaşıkçı Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.”Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi.

O, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş.

Onun səfirlikdə öldürülməsini sonradan Səudiyyə hökuməti də təsdiqlədi.

Faktla bağlı 18 nəfərin saxlandığı bildirilir.