Bu gün, oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür.
AZƏRTAC-ın xəbərinə görə, hazırda Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir.
Son illər Azərbaycanda müəllimlərin sayında ciddi azalma var. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 10 il əvvəl ölkənin ümumtəhsil müəssisələrində ümumilikdə 158 min müəllim çalışırdısa, ötən il bu rəqəm 144 minə düşüb.
Son 10 ildə 14 minlik azalmanın 9 mindən çoxu sertifikasiya imtahanlarının payına düşür. Bu il elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində demişdi ki, sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsinə xitam verilib.
Üstəlik, ötən illər ərzində bağlanan və birləşdirilən məktəblər də bu azalmaya təsir göstərib.
Rəsmi açıqlamalara görə, sertifikasiya imtahanlarından uğurla keçən müəllimlərin əməkhaqqı 10 faizdən 35 faizədək artıb və hazırda onların orta aylıq əməkhaqqı 1030 manata çatıb.
Xatırlatma
Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də dünyanın bir çox ölkəsində qeyd olunur. Bu əlamətdar gün 1994-cü ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən təsis edilib. Tarixin məhz 5 oktyabr seçilməsi isə həmin qurumların 1966-cı ildə müəllimlərin hüquq və iş şəraitini qoruyan mühüm sənəd imzalaması ilə bağlıdır.