Sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsi ləğv edilib.
Yerli medianın məlumatına görə, bunu iyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində bildirib.
Nazirin sözlərinə görə, ümumilikdə 91 min 407 müəllim sertifikatlaşdırma prosesini müvəffəqiyyətlə başa vurub. İmtahan nəticələrinə əsasən, 60 min 818 müəllimin əməkhaqqına 10 faiz, daha yüksək göstərici əldə edən 30 min 590 müəllimin maaşına isə 35 faiz əlavə edilib.
Xatırlatma
Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə başlayıb və test, müsahibə olmaqla iki mərhələdən ibarətdir. Bu prosesi müvəffəqiyyətlə başa vuran müəllimlərin maaşlarına 10 faizdən 35 faizədək əlavə edilir.
Layihənin icrası dövründə narazılıqlar da qeydə alınıb. 2024-cü ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər Bakıda aksiya keçirərək nazirlik qarşısına yığışmışdılar. Onlar imtahanlarda şəffaflığın olmadığını, texniki problemlərlə qarşılaşdıqlarını bildirir və təkrar işə qəbul olunmağı tələb edirdilər.
Artıq bütün müəllimlər 2022–2026-cı illəri əhatə edən sertifikatlaşdırma imtahanlarını başa vurublar.
Sizin brauzer HTML5-i dəstəkləmir
50 min müəllim işini itirə bilər. Birinci sinfə gedənlər azalır