Astara rayonunda orta məktəbdə şagirdi döydüyü bildirilən müəllimə cəza verilib.
Bu haqda Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova danışıb. O, APA-ya deyib ki, rayonun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanov 9-cu sinif şagirdini döyməsinə görə töhmət alıb.
«Bundan başqa, müəllimin həmin sinif üzrə dərsləri alınıb və ona təkrar belə hal baş verərsə, məktəbdən uzaqlaşdırılacağı elan olunub», - şöbə müdiri bildirib.
Bir müddət öncə sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi E.Ələkbərovu döyməsi ilə bağlı video yayılmışdı.
Müəllimin buna səbəb kimi məktəblinin özünü intizamsız aparmasını göstərdiyi bildirilir.