"Təhsilverənlər qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad prinsiplərinə riayət etməlidir".
Bu, mayın 15-də, Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi "Təhsilverənlərin etik davranış Qaydaları"nda öz əksini tapıb.
Qaydalarda təhsilverənlərin sosial mediada davranış qaydalarından da bəhs edilir. Qaydaların 2.3.2. bəndində vurğulanır ki, təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisədə müəyyən olunmuş qaydalara əməl etməlidir.
Sənədin 4.3 bəndinə əsasən isə, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Əvvəlki "Təhsilverənlərin etik davranış Qaydaları"nda bu məsələlərin yer almadığı bildirilir.
İndi bəzi sosial şəbəkə istifadəçiləri bu qaydaların bir sıra bəndləri ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onların sözlərinə görə, bu vaxta qədər müəllimlər məktəblərdəki qüsurlardan çox nadir hallarda, ehtiyatla danışırdılar. Həmin şəxslər vurğulayırlar ki, nöqsanlardan sosial şəbəkələrdə bəhs edən müəllimlər sonradan başqa bəhanələrlə cəzalandırılırdılar. Onlar hesab edirlər ki, yeni qaydalar yeni təzyiqlərə yol aça bilər.
"Senzuraya oxşayır"
Təhsil eksperti Fərid İmanovun deməsinə görə, qaydaları oxuyanda görünür ki, onlar senzuraya xidmət edir: "Bu etimad prinsiplərini, təhsilverənlərin etik davranışlarını rəhbərlik müəyyən edir. İndi həmin qaydalardan istifadə edib neqativ addımları işıqlandıranlara qarşı təzyiqlər göstəriləcək. Həm də ictimai-siyasi fəaliyyət ilə məşğul olan tələbələrin də buna əsasən problemlər yaşayacaqlarını demək olar. Bu qaydalar ifadə azadlığına müdaxilədir".
Hələlik, belə fikirlərə Elm və Təhsil Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.