Respublikaçı millət vəkilləri baş prokurorun müavinini Mueller-ə görə sorğu-suala çəkiblər

Baş prokurorun müavini Rod Rosenstein respublikaçı millət vəkillərinin çətin suallarına cavab verməli olub.

Respublikaçı millət vəkilləri ABŞ Ədliyyə Nazirliyinin vəzifəli rəsmisini Donald Trump-ın yaxın çevrəsi və Rusiya rəsmiləri arasında iddia edilən əlaqələri araşdıran müstəntiqlərin siyasi rəylərinə görə tənqid ediblər.

Dekabrın 13-də ABŞ baş prokurorunun müavini Rod Rosenstein Konqresin Ədliyyə Komitəsi qarşısında ifadə verib.

Bu dinləmə zamanı millət vəkilləri onu xüsusi prokuror Robert Mueller-in təhqiqat komandası barədə çətin suallara tutublar.

Mueller-in araşdırmasına prokuror nəzarəti edən Rosenstein, millət vəkillərinin Mueller-in komandasındakı bəzi agentlərin SMS-ləri barədə suallarına cavab verməli olub.

Mueller-in komandasındakı iki müstəntiq Donald Trump barədə xoşagəlməz rəy ifadə edən SMS yazdıqlarına görə təhqiqat qrupundan azad ediliblər.

Buna baxmayaraq respublikaçılar Mueller araşdırmasının qərəzsiz olmasını şübhə altına alırlar.

Konqresmenlərdən biri soruşub ki, əgər Trump Mueller-in vəzifəsindən azad edilməsinə göstəriş versə o nə edərdi? Rosenstein deyib ki, “mən qaydalara uyğun hərəkət edərdim”.

Baş prokurorun müavini izah edib: “Əgər əsaslı səbəb olsa, mən hərəkət edərdim, yox əgər belə bir səbəb olmasaydı onda heç bir hərəkət etməzdim”.

Bundan sonra da çətin suallarla sıxışdırılan Rosenstein deyib ki, o Muellr-in təhqiqatının dayandırlılmasına heç bir əsas görmür.

Rosenstein bildirib ki, “bu iş üçün Mueller-dən daha səriştəlisini tapmaq çətin olardı”.

Mueller-in araşdırması artıq Trump-ın keçmiş kampaniya meneceri və onun biznes şərikinə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib.

Bundan başqa onun araşdırdığı daha iki nəfər müqəssir olduqlarını etiraf ediblər.