Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, aprelin 2-də Baş Prokurorluq məlumat yayıb.
Məlumat görə, Rasim Həsənovun komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması ittihamı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
"Rasim Həsənovun 2021-2025-ci illərdə... hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanır.
R.Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Həmin ittihamlarla ona 12 ilədək həbs cəzası verilə bilər.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
R.Həsənov barəsində ötən il həbs-qətimkan tədbiri seçilib.
İttihama R.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda müxtəlif dövlət qurumlarında vəzifəli şəxslərin tez-tez rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı rəsmi açıqlamalar yayılır. Amma bəzi ekspertlər hesab edir ki, ölkədə korrupsiya ilə köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onlar qeyd edirlər ki, belə işlərdə verilən cəzalar da, əsasən, ya ittihama adekvat olmur, ya da sonradan yüngülləşdirilir.
Lakin rəsmi şəxslər də tez-tez vurğulayırlar ki, ölkədə korrupsiya ilə real mübarizədə hakim iradə mövcuddur.